«APA-Economics»in məlumatına görə, Almaniyanın Bavariya vilayətinin İqtisadiyyat, Mətbuat, Enerji və Texnologiya Nazirliyinin rəsmi nümayəndəsi xanım Ulrike Volf və Münhen və Yuxarı Bavariyanın Sənaye və Ticarət Palatasının sədri xanım Ştefani Şpiner-Köniqinin rəhbərliyi ilə Bavariyanın 22 şirkətini təmsil edən nümayəndə heyəti Azərbaycanda səfərdədir.
Forumun keçirilməsinə məqsəd Bavariya ilə Azərbaycan şirkətləri arasında yeni layihələri müzakirə etməkdir. Həmçinin, gələcək biznes və əməkdaşlıq imkanlarını yaratmaqla yanaşı, mövcud əlaqələrin inkişafını dəyərləndirməkdir. Forumda əsasən tikinti və infrastruktur, qida sənayesi, kənd təsərrüfatı, maliyyə, enerji və kimya sənayesi, eləcə də mühəndislik sahəsini təmsil edən iş adamları təmsil olunub.
Almaniya-Azərbaycan Xarici Ticarət Palatasının sədri Florian Şröder bildirib ki, tədbirdə Bavariya vilayətində infrastruktur, kimya, yeyinti sahələrində ümumilikdə 26 şirkət iştirak edir. O vurğulayıb ki, bu günə kimi Bavariya ilə Azərbaycan arasında iki analoji biznes forum keçirilib: «Növbəti, IV forumun 2015-ci ildə keçirilməsi nəzərdə tutulur ki, burada da indikindən daha çox sayda iş adamının iştirak edəcəyini gözləyirik».
Almaniyanın Azərbaycandakı səfiri xanım Heydrun Tempel bildirib ki, Bavariya Azərbaycanla iqtisadi əlaqələri genişləndirməkdə maraqlıdır.
Azərbaycan İqtisadiyyat və Sənaye Nazirliyinin şöbə müdiri Hüseyn Paşayev isə qeyd edib ki, Azərbaycan Almaniya ilə bütün sahələrdə əməkdaşlığın inkişafında maraqlıdır: «Artıq bu cür biznes forumlar ənənə halını alıb və bu cür tədbirlər bizim ölkələri daha da yaxınlaşdırır. Bu gün Azərbaycanda bir sıra Almaniya şirkətləri fəaliyyət göstərir».
H.Paşayev alman qonaqlara Azərbaycanın kimya parkları barədə məlumat verib və almaniyalı iş adamlarını Sumqayıt Kimya Sənaye Parkına investisiya yatırmağa dəvət edib. O, Azərbaycanın infrastruktur, qida sənayesində görülən işlər barədə də ətraflı məlumat verib.
Qeyd edək ki, Azərbaycan-Bavariya biznes forumu Bavariya İqtisadiyyat, Mətbuat, Enerji və Texnologiya üzrə Dövlət Nazirliyinin tapşırığı, «Bayern International GmbH.» təşkilatı, Almaniya-Azərbaycan Xarici Ticarət Palatası və Azərbaycanda İxracın və İnvestisiyaların Təşfiqi Fondunun (Azpromo) təşkilatçılığı ilə keçirilib.