Bakı - APA-Economics. Bakıda Azərbaycan-İran biznes forumu keçirilir.
"APA-Economics" xəbər verir ki, görüşdə İran və Azərbaycandan olan müxtəlif sahələrə aid biznes dairələrinin nümayəndələri iştirak edib. Tədbirdə çıxış edən Azərbaycan İxracın və İnvestisiyanın Təşviqi Fondunun (AZPROMO) vitse-prezidenti Yusif Abdullayev bu görüşün artıq ənənə halını aldığını, lakin iki ölkə arasındakı çox yaxşı münasibətlərin ticarət dövriyyəsinə uyğun gəlmədiyini deyib: "Ölkələrimiz arasında münasibətlər inkişaf edir. Lakin ticarət dövriyyəmiz 2015-ci ildə 15 milyon dollar olub. Bu da 2014-cü illə müqayisədə 30 faiz azalma deməkdir. Biz ölkələrimiz arasında iqtisadi-ticari əməkdaşlığı artırmaq üçün çalışmalıyıq".
Daha sonra çıxış edən İranın Qərbi Azərbaycan vilayətinin Kooperasiya palatasının sədri Mahmudrza Şərifixah Azərbaycana səfəri çərçivəsində onu 40 şirkət nümayəndəsinin müşayiət etdiyi bildirib: “Bu şirkətlər biznesin 12 müxtəlif sahələrini təmsil edir. Azərbaycanla İran arasında münasibətlər yüksək səviyyədədir. Ona görə də biz iqtisadi münasibətlərin inkişafı üçün daha da çalışmalıyıq”.
Daha sonra iki ölkənin müxtəlif sahələrə aid biznes nümayəndələri qarşılıqlı fikir mübadiləsi aparıblar.