Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Xətai rayonu, X.Məmmədov və R.Məmmədov küçələrinin kəsişməsində yerləşən «Fuad» restoranında dövlət nəzarəti tədbirləri həyata keçirilib.
Komitədən «APA-Economics»ə verilən məlumata görə, araşdırma zamanı müəyyən edilib ki, müəssisədə hazırlanan və əhaliyə təqdim olunan kulinariya məmulatları (müxtəlif növ salatlar, yeməklər, ət yarımfabrikatları və s.) müvafiq qaydada təsdiq olunmuş texnoloji təlimat və resepturalar olmadan hazırlanır, müəssisədə çalışan personal gigiyenik norma və qaydalara əməl etmir.
Bundan başqa, istismar olunan ölçmə vasitələrinin (soyuducular, tərəzilər) müqayisəli yoxlamadan keçməmiş halda istifadə olunduğu, soyuducu kameralarında mal qonşuluğuna nəzarət olunmadığı, o cümlədən nə zaman bişirildiyi məlum olmayan, dondurularaq dondurucu kamerada saxlanılan qazan yeməklərinin hissə-hissə qızdırılaraq təzə bişirilmiş kimi müştərilərə təqdim olunduğu aşkar edilib. İaşə müəssisəsinin akkreditasiya olunmuş laboratoriya ilə müqaviləsi və hazırlanan məhsulların sınaqlarının aparılması barədə hər hansı bir sənəd yoxlamaya təqdim edilməyib.
Araşdırma zamanı məhsullardan nümunələr seçilib və Komitənin Təcrübə-Sınaq Mərkəzinin (AzTEST) sınaq laboratoriyasına təqdim edilib. Araşdırmalar davam etdirilir.