Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Bakının Xəzər rayonunda prioritet hesab olunan sahələr üzrə sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayıb.
İqtisadiyyat və Sənaye Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, Fond yanvarın 31-də Xəzər rayonunun Binə qəsəbəsində «Sahibkarlığın inkişafına dövlət dəstəyi» mövzusunda tədbir keçirib. Tədbir çərçivəsində yerli icra hakimiyyəti orqanlarının nümayəndələri və sahibkarlarla mövcud iqtisadi potensialdan daha səmərəli istifadə edilməsi məqsədilə müzakirələr aparılıb.
SKMF tərəfindən Xəzər rayonu üzrə sahibkarlıq subyektlərindən müasir çörək zavodunun və ət kəsimi müəssisəsinin yaradılması və kiçik və orta həcmli istixana təsərrüfatlarının yaradılması istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib.
Sahibkarlar bu sahələr üzrə nümunəvi layihələri SKMF-dən əldə edə bilərlər. Sahibkarların istəyinə əsasən, kiçik həcmli investisiya layihələrinin dəyərinin 100%-dək hissəsi dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəkdir. Bu gündən etibarən sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə Fonda müraciət edə bilərlər.