Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Sahibkarlığa Kömək Milli Fondu (SKMF) «Sahibkarlığın inkişafına dövlət dəstəyi» mövzusunda bu ilin ilk tədbirini bu gün Beyləqan rayonunda keçirib.
İqtisadiyyat və Sənaye Nazirliyindən «APA-Economcs»ə verilən məlumata görə, tədbir çərçivəsində müvəkkil kredit təşkilatları vasitəsilə Beyləqan və ətraf rayonlarda fəaliyyət göstərən 45 sahibkarlıq subyektinin investisiya layihəsinin maliyyələşdirilməsinə 377 min manat güzəştli kreditin verilməsi barədə qərar qəbul edilib. Bu layihələrin reallaşdırılması 60-dan çox yeni iş yerinin yaradılmasına imkan verəcək.
Qeyd edək ki, 80-ə yaxın sahibkarın iştirakı ilə keçirilmiş tədbir çərçivəsində rayonun iqtisadi potensialının reallaşdırılması istiqamətində sahibkarlarla müzakirələr aparılıb, Fond tərəfindən Beyləqan rayonun iqtisadi potensialına uyğun olaraq 50 başlıq südlük istiqamətli müasir ailə fermer təsərrüfatının, o cümlədən maliyyələşdirilməsi məqsədəuyğun hesab olunan iri taxılçılıq, intensiv bağçılıq və tərəvəzçilik təsərrüfatlarının yaradılması üzrə hazırlanmış nümunəvi investisiya layihələri və metodiki materiallar sahibkarlara təqdim olunub.
SKMF-in icraçı direktoru Şirzad Abdullayev Fondun fəaliyyəti və ötən il verilmiş güzəştli kreditlər hesabına həyata keçirilən layihələr barədə məlumat verib. O bildirib ki, 2013-cü ildə Fondun vəsaitləri hesabına sahibkarlıq subyektlərinin 4 500 investisiya layihəsinin maliyyələşdirilməsinə 275 mln. manat güzəştli kredit verilib: «Bu kreditlər hesabına 12 mindən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur. Ötən il Aran iqtisadi rayonu üzrə 2 000-ə yaxın sahibkarlıq subyektinin investisiya layihələrinin maliyyələşdirilməsinə 68,5 mln. manat güzəştli kredit verilib».
Ş.Abdullayev bildirib ki, 2014-cü ildə ətlik və südlük istiqamətli cins iribuynuzlu heyvandarlıq kompleksləri, müasir quşçuluq təsərrüfatları, sənaye müəssisələri, logistika mərkəzləri, meyvə-tərəvəz məhsullarının emalı müəssisələri, iri taxılçılıq və ya toxumçuluq təsərrüfatları, müasir istixana kompleksləri, intensiv üzümçülük təsərrüfatları və üzüm emalı müəssisələri, müasir çörək istehsalı müəssisələrinin yaradılması və s. güzəştli kreditlərin yönəldiləcəyi prioritet sahələr olacaq.
Tədbir çərçivəsində Beyləqanda güzəştli kredit ayrılmış tutumu 6,5 min ton olan soyuducu anbar kompleksinin fəaliyyətinə baxış keçirilib.