Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu gün iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Niderland Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Robert Jan Qabrielseni qəbul edib.
İqtisadiyyat və Sənaye Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, görüşdə Azərbaycan və Niderland Krallığı arasında əlaqələrin uğurla inkişaf etdiyi, iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsi üçün ölkələrimizin böyük potensiala malik olduğu vurğulanıb.
Görüşdə əlaqələrin genişlənməsində qarşılıqlı səfərlərin əhəmiyyəti qeyd edilib, Azərbaycan nümayəndə heyətinin aprel ayında Niderlanda nəzərdə tutulan səfəri və səfər çərçivəsində Azərbaycan-Niderland biznes forumunun təşkili məsələlərinə dair müzakirələr aparılıb.