Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu gün Bakının Xəzər rayonunun Binə qəsəbəsində sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forum keçirilib.
İqtisadiyyat və Sənaye Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, işgüzar forumda 70-ə yaxın sahibkar iştirak edib.
Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev bildirib ki, ümumilikdə, indiyədək Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair dövlət proqramları çərçivəsində paytaxt qəsəbələrində sahibkarlıq subyektlərinin 949 investisiya layihəsinin maliyyələşdirilməsinə 205,9 mln. manat güzəştli kredit verilib: “Digər sahələrlə yanaşı, müasir texnologiyaların tətbiqinə əsaslanan çörək zavodlarının, istixana, quşçuluq təsərrüfatlarının, ət emalı, metal konstruksiya və digər sənaye müəssisələrinin yaradılması üzrə investisiya layihələri maliyyələşdirilmiş, 6500-ə yaxın yeni iş yerinin açılması imkanı yaradılıb”.
İşgüzar forum çərçivəsində Bakı qəsəbələrində fəaliyyət göstərən 22 sahibkara 3.4 mln. manat güzəştli kredit verilib. Verilmiş kreditlər əsasən, quşçuluq, tərəvəzçilik, un məmulatları, qapı-pəncərə, mebel, üzlük daş istehsalı, müasir istixana kompleksin yaradılması və s. sahələrin inkişafına yönəldiləcək. Bu kreditlərin reallaşdırılması hesabına 100-ə yaxın yeni iş yerinin açılması mümkün olacaq.
Ümumilikdə, bu il ərzində respublika üzrə 5 401 sahibkara 280 mln. manat güzəştli kredit verilib ki, bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 12 minə yaxın yeni iş yerinin yaradılmasına imkan verir. Həmçinin, indiyədək bügünkü kreditlər də daxil olmaqla Xəzər rayonundan olan 255 sahibkara 53,6 mln. manat dövlətin güzəştli kreditləri verilib.