Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu gün İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Gədəbəy rayonunun Slavyanka kəndində sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forum keçirib.
İqtisadiyyat və Sənaye Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, işgüzar forumda 80-ə yaxın sahibkar iştirak edib.
SKMF-in icraçı direktoru Şirzad Abdullayev bildirib ki, bu il ərzində 2 700-dən çox sahibkara 88,4 mln. manat güzəştli kredit verilib: “Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 6 200-dən çox yeni iş yerinin yaradılmasına imkan verir”.
O qeyd edib ki, ümumilikdə indiyədək Gəncə-Qazax iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 5 374 investisiya layihəsinin maliyyələşdirilməsinə 197,5 mln. manat güzəştli kredit verilib: “Digər sahələrlə yanaşı, müasir texnologiyaların tətbiqinə əsaslanan logistik mərkəzlərin, taxıl anbarlarının, quşçuluq fabrikinin, cins iri buynuzlu heyvandarlıq kompleksinin, çörək zavodlarının, meyvə-tərəvəz, ət, süd emalı, tikinti materiallarının istehsalı müəssisələrinin, istixana, intensiv bağçılıq təsərrüfatlarının yaradılması və s. sahələr üzrə investisiya layihələri maliyyələşdirilib, 24 mindən çox yeni iş yerinin açılması imkanı yaradılıb”.
İşgüzar forum çərçivəsində Gədəbəy və ətraf rayonlardan olan 61 sahibkara 1,4 mln. manat güzəştli kredit verilib. Verilmiş kreditlər əsasən, heyvandarlıq, tərəvəzçilik, üzümçülük, kartofçuluq, quşçuluq, limonad istehsalı və s. sahələrin inkişafına yönəldiləcək. Bu kreditlərin reallaşdırılması hesabına 120-dən çox yeni iş yerinin açılması mümkün olacaq.