Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu gün Bakı Biznes Tədris Mərkəzinin Lənkəran nümayəndəliyinin təşkilatçılığı ilə Cəlilabad rayonunda sahibkarlar və sahibkarlıq fəaliyyətinə yeni başlayanlar üçün treninq keçirilib.
İqtisadiyyat və Sənaye Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, treninq “Biznes planların və investisiya layihələrinin hazırlanması”, “Marketinq” və “İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər” mövzularında olub.
Tədbirdə iştirakçılara biznes-planın mahiyyəti və tərtib edilməsi metodikası, istehsalat və maliyyə planları və s. barədə ətraflı məlumatlar verilib, “Biznes planların və investisiya layihələrinin hazırlanması” mövzusunda təqdimat keçirilib. Tədbirdə həmçinin marketinq, onun növləri, prinsipləri və istiqamətləri, məhsulların keyfiyyəti və çeşidi, satışın təşkili və idarə edilməsi, reklam olunması barədə ətraflı məlumatlar iştirakçıların diqqətinə çatdırılıb.
Həmin gün Bakı Biznes Tədris Mərkəzinin Gəncə nümayəndəliyinin təşkilatçılığı ilə Gəncə şəhərində gənclər üçün “Biznes ideyanı yarat”, “Öz biznesinə başla” və “İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər” mövzularında treninq keçirilib.
Treninqdə gənclərə biznes-ideyanın yaradılması və həyata keçirilməsi yolları, SWOT təhlilin və strateji planlaşdırmanın aparılması, bu sahədə beynəlxalq təcrübə, yeni biznes subyektlərinin yaradılması qaydaları və s. barədə ətraflı məlumat verilib.
Bununla yanaşı, tədbirlərdə İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər, www.icazeler.gov.az, www.b2b.az elektron portalları və onlardan istifadə qaydaları, portalların biznesin səmərəli təşkili və inkişafı üçün yaratdığı imkanlar, investisiya layihələrinin maliyyələşdirilməsi ilə əlaqədar elektron idarəetmə sistemi və s. barədə geniş məlumat verilib. Treninqlər çərçivəsində iştirakçılara Bakı Biznes Tədris Mərkəzi tərəfindən hazırlanmış metodiki vəsaitlər paylanıb, onları maraqlandıran suallar cavablandırılıb.