Bakı. Vüsal Nəbiyev - APA-Economics. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarəti tədbirlərinin nəticələri əsasında ölkədə əməyin mühafizəsi sahəsində mövcud vəziyyəti təhlil edib.
“APA-Economics”in xəbərinə görə, bunu xidmət rəisi Fuad Əlizadə Bakıda keçirilən “Əməyin mühafizəsi sahəsində önləyici tədbirlər görülməsi mədəniyyətini birgə yüksəldək” mövzusunda konfransda çıxışı zamanı deyib.
F. Əlizadənin sözlərinə görə, həyata keçirilən tədbirlərin əməyin mühafizəsi profilaktikası sahəsində müsbət dəyişikliklərə, istehsalatda bədbəxt hadisələrin sayının kəskin şəkildə azalmasına səbəb olub. Konkret göstəriciləri diqqətə çatdıran qurum rəhbəri bildirib ki, bununla belə bir sıra müəssisələrdə istehsalat qəzalarının qarşısının alınması üçün profilaktiki tədbirlərin görülməsində hələ də nöqsanlar mövcuddur: “Belə nöqsanlar xüsusən topdan və pərakəndə ticarət, avtomobillərin təmiri, tikinti, yaşayışın təşkili və ictimai iaşə, nəqliyyat və rabitə, emal sənayesi və sair sektorlarda özünü göstərir. Qarşıdakı dövrdə də xidmət bu sahədə nöqsanların tam aradan qaldırılması yönündə səylərini artıracaqdır”.