Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Azərbaycan Energetika Nazirliyində Portuqaliyanın «Banco Espirito Santo» bankının nümayəndə heyəti ilə görüş keçirilib.
Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, görüşdə əsasən iqtisadi əlaqələr və əməkdaşlıq perspektivləri müzakirə olunub. Energetika nazirinin müavini Natiq Abbasov ölkədə həyata keçirilən sosial-iqtisadi siyasət nəticəsində Azərbaycanda makroiqtisadi sabitliyin, davamlı və dayanıqlı iqtisadi inkişafın təmin olunduğunu, əlverişli biznes və investisiya mühitinin yaradıldığını vurğulayıb.
O bildirib ki, hazırda Azərbaycan xarici investisiyalar üçün cəlbedici və əlverişli ölkə olmaqla yanaşı, həm də investisiya ixracatçısıdır. Azərbaycan və Portuqaliya arasında əməkdaşlığın inkişaf etdiyini qeyd edən N. Abbasov biznes forum və işgüzar görüşlərin iqtisadi əlaqələrin genişlənməsində əhəmiyyətini vurğulayıb.
Portuqaliyanın «Banco Espirito Santo» bankının vitse-prezidenti Uluqbek Suyumov iki ölkə arasında mövcud əlaqələr və əməkdaşlığın daha da inkişaf etdirilməsi imkanları, sahibkarların iqtisadi əlaqələrin genişləndirilməsində rolu barədə məlumat verib. O, iki ölkə arasında iqtisadi əlaqələrin daha da inkişaf edəcəyinə əminliyini vurğulayıb.
Qeyd edək ki, aprelin 7-12-də Bakıda Azərbaycan və Portuqaliya iş adamlarının iştirakı ilə biznes forumun keçirilməsi planlaşdırılır.