Göyçay rayonunda işsiz vətəndaşların məşğulluğunun təmin edilməsi məqsədilə növbəti əmək yarmarkası keçirilib.
APA-nın yerli bürosunun xəbərinə görə, tədbirdə Göyçay rayon Məşğulluq Mərkəzinin direktoru Namiq İsmayılov, rayon icra hakimiyyəti başçısının müavini Ədalət Dövlətov, Göyçay Regional Peşə Tədrisi Mərkəzinin direktoru Bəhman İmranov çıxış edərək əhalinin məşğulluğunun təmin edilməsi, yeni iş yerlərinin yaradılması məqsədilə həyata keçirilən tədbirlərdən danışıb. Qeyd edilib ki, ötən 9 ay ərzində rayonda görülən işlər nəticəsində 800-dən artıq yeni iş yerləri açılıb.
Çıxışlardan sonra əmək yarmarkasında iştirak edən vətəndaşlara 16 müəssisə və təşkilat tərəfindən 131 boş iş yeri təqdim olunub. İş təqdim edən müəssisələrdən 10-u dövlət, 6 özəldir. Boş iş yerlərinə görə 120-300 manat məbləğində əmək haqqı təklif edilib. Yarmarkada iştirak edən 215 nəfər işaxtaran vətəndaşdan 40-ı öz istəyinə və ixtisasına uyğun işə göndəriş alıb. Vətəndaşlar əsasən təhsil və səhiyyə müəssisələrində, istehsal və emal sahələrində, xidmət təşkilatlarında, tikinti sahəsində işlə təmin olunublar.
Həmçinin, əmək yarmarkasında 60 nəfərə peşə hazırlığı kursuna göndəriş verilib. Qarşıdakı günlərdə boş qalmış 91 yerə işçi göndərilməsi üçün tədbirlər davam etdiriləcək.