Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Göygöl rayonunda prioritet hesab olunan sahələr üzrə sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayır.
Fonddan “APA-Economics”ə verilən məlumata görə, SKMF dekabrın 13-də Göygöl rayonunun Quşqara kəndində “Sahibkarlığın inkişafına dövlət dəstəyi” mövzusunda tədbir keçirib.
Tədbir çərçivəsində yerli icra hakimiyyəti orqanlarının nümayəndələri və sahibkarlarla mövcud iqtisadi potensialdan daha səmərəli istifadə edilməsi məqsədilə müzakirələr aparılıb, SKMF tərəfindən Göygöl rayonu üzrə sahibkarlıq subyektlərindən çörək istehsalı, müasir cır meşə meyvələrinin emalı, ətlik və südlük istiqamətli cins heyvandarlıq təsərrüfatlarının və intensiv üzümçülük təsərrüfatlarının yaradılması istiqamətlərində investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib.
Sahibkarlar bu sahələr üzrə nümunəvi layihələri SKMF-dən əldə edə bilərlər. Sahibkarların istəyinə əsasən, kiçik həcmli investisiya layihələrinin dəyərinin 100%-dək hissəsi dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcək.
Bu gündən etibarən sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə Fonda müraciət edə bilərlər.