Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu gün Sahibkarlığa Kömək Milli Fondu (SKMF) “Sahibkarlığın inkişafına dövlət dəstəyi” mövzusunda növbəti tədbirini Göygöl rayonunun Quşqara kəndində keçirib.
İqtisadiyyat və Sənaye Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, tədbir çərçivəsində müvəkkil kredit təşkilatları vasitəsilə Göygöl və ətraf rayonlarda fəaliyyət göstərən 45 sahibkara 554 min manat güzəştli kredit verilib. Bu kreditlər hesabına maliyyələşdirilən layihələr 70-dən çox yeni iş yerinin yaradılmasına imkan verir. Verilmiş kreditlər əsasən heyvandarlıq, taxılçılıq, tərəvəzçilik, üzümçülük, quşçuluq sahələrinin inkişafına yönəldiləcək.
80-ə yaxın sahibkarın iştirakı ilə keçirilmiş tədbir çərçivəsində rayonun iqtisadi potensialının reallaşdırılması istiqamətində sahibkarlarla müzakirələr aparılmış, Fond tərəfindən Göygöl rayonunda prioritet hesab olunan çörək istehsalı müəssisəsinin, kiçik və orta həcmli cins heyvandarlıq, üzümçülük təsərrüfatlarının, meyvə emalı müəssisəsinin yaradılması üzrə hazırlanmış nümunəvi investisiya layihələri və metodiki materiallar sahibkarlara təqdim olunub.
SKMF-in icraçı direktoru Şirzad Abdullayev bu il Fondun vəsaitləri hesabına Azərbaycanda sahibkarlıq subyektlərinin 4260 investisiya layihəsinin maliyyələşdirilməsinə 270,4 mln. manat güzəştli kredit verilib: “Bu kreditlər hesabına 11 750-ə yaxın yeni iş yerinin yaradılması nəzərdə tutulur. İndiyədək Gəncə-Qazax iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 3500-dən çox investisiya layihəsinin maliyyələşdirilməsinə 132,2 mln. manat güzəştli kredit (bugünkü tədbirdə verilmiş kreditlər də daxil olmaqla) verilib”.
Tədbirdə sahibkarları maraqlandıran suallar cavablandırılıb. Tədbir çərçivəsində Samux rayonunda dövlətin güzəştli krediti ayrılmış ildə 1,6 min ton quş əti istehsal etmək gücünə malik olan quşçuluq təsərrüfatının fəaliyyətinə və illik istehsal gücü 19 min ton süd olan 2500 başlıq heyvandarlıq kompleksində aparılan tikinti-quraşdırma işlərinə baxış keçirilib.