İsmayıllı. Elvin Yaqubov - APA. Dekabrın 11-də İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair növbəti işgüzar forumunu İsmayıllı rayonunun Qalınçaq kəndində keçirib.
APA-nın yerli bürosunun xəbərinə görə, forumun keçirilməsində əsas məqsəd sahibkarlara güzəştli kreditlərin alınması mexanizmi barədə ətraflı məlumatların verilməsi, İsmayıllıda həyata keçirilməsi məqsədəuyğun hesab olunan nümunəvi layihələrin təqdim olunması, sahibkar-müvəkkil kredit təşkilatı münasibətlərinin inkişaf etdirilməsidir. 100-ə yaxın sahibkarın iştirak etdiyi forum çərçivəsində İsmayıllı rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan 50 başlıq südlük istiqamətli müasir ailə fermer təsərrüfatlarının, fermer mağazalarının, intensiv bağçılıq və arıçılıq təsərrüfatlarının (o cümlədən sənaye üsulu ilə bal istehsalı müəssisəsinin) və pendir istehsalı müəssisəsinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilmiş, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanıb.
SKMF-nin icraçı direktoru Şirzad Abdullayev bildirib ki, 2014-cü ilin ötən dövrü ərzində 5 401 sahibkara 280 mln. manat güzəştli kredit verilib ki, bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 12 minə yaxın yeni iş yerinin yaradılmasına imkan verir. Qeyd edilib ki, ümumilikdə, indiyədək Dağlıq Şirvan iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 1446 investisiya layihəsinin maliyyələşdirilməsinə 54,7 mln. manat güzəştli kredit verilib, digər sahələrlə yanaşı, müasir texnologiyaların tətbiqinə əsaslanan logistika mərkəzlərinin, ixtisaslaşdırılmış “yaşıl market”in, quşçuluq fabrikinin, heyvandarlıq komplekslərinin, üzümçülük, bağçılıq təsərrüfatlarının, tikinti materialları istehsalı müəssisəsinin yaradılması və digər sahələr üzrə investisiya layihələri maliyyələşdirilib, 5100-dən çox yeni iş yerinin açılması imkanı yaradılıb.
Forum çərçivəsində İsmayıllı rayonunda güzəştli kredit ayrılmış ixtisaslaşdırılmış “yaşıl market”də aparılan tikinti-quraşdırma işlərinə baxış keçirilib. 2,25 ha ərazidə yerləşən ixtisaslaşdırılmış “yaşıl market” meyvə, tərəvəz, ət və süd məhsullarının saxlanması üçün tutumu 1000 ton olan soyuducu anbar, pərakəndə və topdansatış üçün ticarət zonaları, 150 fermer mağazası və avtodayanacaqdan ibarət olacaq. Tikintisinə SKMF tərəfindən 700 min manat güzəştli kredit verilən “yaşıl market”in 2015-ci ilin yay aylarında istifadəyə verilməsi nəzərdə tutulur.