Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu gün İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Samux rayonunun Qovlarsarı kəndində sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forum keçirib.
İqtisadiyyat və Sənaye Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, işgüzar forumda 100-ə yaxın sahibkar iştirak edib.
SKMF-in icraçı direktoru Şirzad Abdullayev bildirib ki, bu il ərzində 422 sahibkara 10,7 mln. manat güzəştli kredit verilib: “Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 1000-ə yaxın yeni iş yerinin yaradılmasına imkan verir”.
Ş. Abdullayev qeyd edib ki, ümumilikdə, indiyədək Gəncə-Qazax iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 4948 investisiya layihəsinin maliyyələşdirilməsinə 170,9 mln. manat güzəştli kredit verilib: “Digər sahələrlə yanaşı, müasir texnologiyaların tətbiqinə əsaslanan logistik mərkəzlərin, taxıl anbarlarının, quşçuluq fabrikinin, cins iri buynuzlu heyvandarlıq kompleksinin, çörək zavodlarının, meyvə-tərəvəz, ət, süd emalı müəssisələrinin, istixana təsərrüfatlarının yaradılması və s. sahələr üzrə investisiya layihələri maliyyələşdirilib, 23 000-ə yaxın yeni iş yerinin açılması imkanı yaradılıb”.
İşgüzar forum çərçivəsində Samux və ətraf rayonlardan olan 50 sahibkara 1,1 mln. manat güzəştli kredit verilib. Verilmiş kreditlər əsasən, heyvandarlıq, tərəvəzçilik, üzümçülük, çorək və mebel istehsalı və s. sahələrin inkişafına yönəldiləcək. Bu kreditlərin reallaşdırılması hesabına 80-dən çox yeni iş yerinin açılması mümkün olacaqdır.
Forum çərçivəsində Samux rayonunun Sərkar kəndində güzəştli kredit ayrılmış ildə 1,6 min ton quş əti istehsal etmək gücündə olan müasir quşçuluq fabrikinə baxış keçirilib. Bu fabrikin yaradılmasına SKMF tərəfindən 2,5 mln. manat güzəştli kredit verilib. Ümumilikdə isə, fondun vasitəsilə son illər respublikanın regionlarında və Bakı şəhərinin qəsəbələrində illik istehsal gücü 56,7 min ton quş əti, 95 mln. ədəd damazlıq və 183,1 mln. ədəd əmtəəlik yumurta olan 40 quşçuluq təsərrüfatına 110 mln. manata yaxın güzəştli kreditlər verilib. Artıq illik istehsal gücü 37.9 min ton quş əti, 69 mln. ədəd damazlıq və 154,9 mln. ədəd əmtəəlik yumurta olan 32 quşçuluq təsərrüfatı istifadəyə verilib. Görülən işlərin nəticəsidir ki, quş əti və yumurta istehsalının artımına nail olunub.