Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi Azərbaycanda Qida Təhlükəsizliyi Agentliyinin yaradılmasından sonra sertifikatlaşmanın hansı qurum tərəfindən aparılacağına münasibət bildirib.
“APA-Economics”in məlumatına görə, “Caspian European Club”un sahibkarla keçirdiyi görüşdə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov jurnalistlərə açıqlamasında bildirib ki, sertifikatlaşdırmanı heç kim ləğv etməyib.
“Azərbaycanda sertifikatlaşma yenə də aparılacaq, ancaq bu, məcburi olmayacaq. Qida Təhlükəsizliyi Agentliyi müəyyən sertifikat verəcək. Bu, uyğunluq sertifikatı deyil, təhlükəsizlik sertifikatı olacaq. Bundan başqa, dövlət yeyinti sahəsində məhsulların təhlükəsizliyinə nəzarət edəcək. Ancaq hər hansı istehsalçı öz məhsulunu yüksək keyfiyyətlə istehsal edirsə və istəyir ki, istehlakçılar onun məhsulunun keyfiyyətli olmasını bilsin, o zaman o uyğunluq qiymətləndirən qurumlara müraciət etməlidir. Bu sertifikat qurumları qalır və bundan sonra da fəaliyyətlərini davam etdirəcək”, - deyə R.Həsənov vurğulayıb.
Eyni zamanda R. Həsənov bildirib ki, halal məhsulların sertifikatlaşması da qalacaq: “Bu qərarı da heç ki ləğv etməyib. Bu sertifikatlaşmanı komitə nəzdində Akkreditasiya qurumu aparacaq. Bu qurum şirkətləri akkreditasiya etməklə bərabər, onlara sertifikasiya fəaliyyəti ilə məşğul olmaq səlahiyyəti də verilib”.