Tehran. Süleyman Fərzəliyev - APA. Dost və qardaş Azərbaycanla əlaqələrin inkişaf etdirilməsində heç bir məhdudiyyət yoxdur.
APA-nın İran müxbirinin məlumatına görə, bunu İranın rabitə və informasiya texnologiyaları naziri, iqtisadi əməkdaşlıq üzrə İran-Azərbaycan hökumətlərarası komissiyanın həmsədri Mahmud Vaezi deyib.
M.Vaezi elektrik enerjisi sahəsində əməkdaşlığa dair sənədin imzalanmasını hökumətlərarası komissiyanın əldə etdiyi nailiyyətlərdən biri adlandırıb. Onun sözlərinə görə, iki ölkənin limanları arasında əməkdaşlığın artırılması və sərhədyanı rayonlar arasında əlaqələrin daha da gücləndirilməsi qərara alınıb.
Bundan başqa, Azərbaycan və İran bank sahəsində əməkdaşlığı gücləndirmək barədə razılıq əldə edib. M.Vaezi əlavə edib ki, Azərbaycan və İran müştərək Bank Şurası fəaliyyətə başlayacaq: “İki ölkənin tacirlərini sevindirəcək məsələ budur ki, ölkələrimiz bank sahəsində əməkdaşlığı genişləndirir. Əldə olunmuş razılıq və plana əsasən yaxın bir ay ərzində broker fəaliyyətləri təkmilləşəcək. Beləliklə də, İranın yeni bankları Azərbaycanda fəaliyyət göstərə biləcək”.
Onun sözlərinə görə, iki ölkə arasında turizmin inkişafına dair müzakirələr aparılıb və bununla bağlı yeni təkliflər irəli sürülüb.
M. Vaezi Tehranda keçirilən hökumətlərarası komissiyanın 10-cu iclasının sonunda imzalanan sənədin əhəmiyyətindən daşınıb: “Böyük iş görmüşük və ümid edirəm ki, bu sənəd daha çox əməkdaşlıq, iki ölkənin tacirlərinin problemlərinin həlli üçün önəmli bir addım olacaq. Razılaşdırılıb ki, Bakı-İran-Naxçıvan marşrutu üzrə gediş-gəlişlər sərhədlərdə 24 saat olsun və bu icra olunmalıdır Dəmir yolu haqqında da müzakirələrimiz olub. Enerji və kənd təsərrüfatı sahəsində əməkdaşlıqların artırılması üçün işçi qrup işlərini davam etdirir. Azərbaycan və İrandan olan şirkətlər əməkdaşlıq üçün maraqlıdırlar”.