Bank Of Baku

Masallı sahibkarlarına 531,5 min manatdan artıq güzəştli kredit verilib

Masallı sahibkarlarına 531,5 min manatdan artıq güzəştli kredit verilib
# 11 iyun 2015 11:51 (UTC +04:00)

Masallı. Ağəddin Babayev - APA. İyunun 11-də İqtisadiyyat və Sənaye Nazirliyinin (İSN) Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Masallı rayonunun Sığıncaq kəndində sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forum keçirib.

 

APA-nın cənub bürosunun məlumatına görə, 70-dən çox sahibkarın iştirak etdiyi forum çərçivəsində Masallı rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan müxtəlif kənd təsərrüfatı və sənaye müəssisələrinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı olub.

 

Kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanılıb.

 

Forumda çıxış edən Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov rayonda sahibkarlığın inkişafı üçün göstərilən köməkliyə görə İİN-ə minnətdarlığını çatdırıb.

 

SKMF-nun icraçı direktoru Şirzad Abdullayev isə çıxışı zamanı bildirib  ki, 2015-ci ilin ötən dövrü ərzində ölkə üzrə 2637 sahibkara 87 milyon manata yaxın güzəştli kredit verilib. Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 6100-dən çox yeni iş yerinin açılılmasına imkan yaradıb.

 

Qeyd edilib ki, ümumilikdə indiyədək Lənkəran iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 2400-ə yaxın investisiya layihəsinin maliyyələşdirilməsinə 100 milyon manatdan çox güzəştli kredit verilib, digər sahələrlə yanaşı, müasir texnologiyaların tətbiqinə əsaslanan logistik mərkəzlərin, taxıl anbarı, cins heyvandarlıq komplekslərinin, quşçuluq fabriklərinin, çörək zavodlarının, meyvə-tərəvəz emalı, tikinti materialları, süfrə suları, mebel istehsalı müəssisələrinin, çayçılıq, üzümçülük, intensiv bağçılıq təsərrüfatlarının yaradılması və s. sahələr üzrə investisiya layihələri maliyyələşdirilib.

 

İşgüzar forum çərçivəsində Masallı və ətraf rayonlarda fəaliyyət göstərən 69 sahibkara taxılçılıq, heyvandarlıq, arıçılıq və s. sahələrin inkişaf etdirilməsi məqsədilə 531,5 min manat məbləğində güzəştli kredit verilib. Bu kreditlərin reallaşdırılması hesabına 90-dan çox yeni iş yerinin açılması mümkün olacaq.

 

Forum çərçivəsində Masallı rayonunun Kolatan kəndində güzəştli kredit ayrılmış intensiv çayçılıq təsərrüfatına baxış keçirilib. Ümumilikdə, indiyədək çayçılığın inkişafı ilə bağlı 12 sahibkarlıq subyektinin investisiya layihəsinin maliyyələşdirilməsinə 10,7 milyon manat güzəştli kredit verilib. Bu kreditlərin reallaşdırılması nəticəsində 480 yeni iş yeri açılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR