Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu gün Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən istehlakçıların maarifləndirilməsi tədbirləri çərçivəsində «Azərbaycanda istehlakçı hüquqları qorunur» mövzusunda növbəti konfrans Biləsuvar rayonunda təşkil edilib.
İqtisadiyyat və Sənaye Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, tədbirdə aidiyyəti dövlət qurumlarının, ictimai təşkilatların nümayəndələri və 200-dən çox istehlakçı iştirak ediblər.
Xidmətin rəis müavini Araz Əliyev Azərbaycanda istehlakçıların hüquqlarının qorunması istiqamətində görülən işlər barədə məlumat verib. A.Əliyev hər il olduğu kimi, ötən ildə də Dövlət Xidməti tərəfindən müxtəlif konfransların və seminarların keçirildiyini, kütləvi informasiya vasitələrində, o cümlədən televiziyada istehlakçı hüquqları ilə bağlı xüsusi verilişlərin hazırlandığını bildirib.
O, ticarət və ictimai-iaşə obyektlərində çalışan xidmət personalının təlimləndirilməsi, istehlakçı hüquqlarına dair müxtəlif mövzularda yaddaş kitabçalarının və digər əyani vəsaitlərin hazırlanaraq əhali arasında yayılmasının maarifləndirmə işinə müsbət töhfə verdiyini qeyd edib: «Ötən il ərzində istehlakçıların maarifləndirilməsi məqsədilə 16 adda 220 mindən çox buklet, sahibkarların istehlakçıların hüquqlarının qorunması sahəsində vəzifələrinə dair 6 adda 22 mindən çox yaddaş kitabçası hazırlanaraq paylanıb. Bu sahədə tədbirlər hazırda da davam etdirilir».
Tədbir iştirakçılarına xidmət qaydalarının tələblərinə əməl olunması və xidmət mədəniyyətinin yüksəldilməsi istiqamətində həyata keçirilən maarifləndirici tədbirlər barədə də geniş məlumat verilib. Ötən ildə maarifləndirmə tədbirləri ilə yanaşı, istehlak bazarına nəzarət tədbirləri də həyata keçirilib, mənşəyi məlum olmayan, saxlama müddəti ötmüş, etiketlənməsi, keyfiyyət və təhlükəsizlik göstəriciləri normativ sənədlərin tələblərinə uyğun olmayan 44,4 ton müxtəlif növ ərzaq malları satışdan çıxarılaraq məhv edilib.
Dövlət Xidmətinin əməkdaşlarının istehlakçı hüquqlarının müdafiəsinə dair məruzələri dinlənilib, tədbir iştirakçılarına istehlakçı hüquqları barədə geniş məlumat verilib. Çıxışlarda həmçinin, maarifləndirmə işlərinin mühüm əhəmiyyəti bir daha vurğulanıb, istehlakçılara isə öz hüquqlarının müdafiəsində fəal olmaq, qarşılaşdıqları məsələlərin həllində aidiyyəti qurumlarla əməkdaşlıq etmək, özlərinin və ailələrinin sağlamlığını qorumaq üçün malların keyfiyyət və təhlükəsizlik məsələlərinə diqqət yetirmək tövsiyə edilib.
Tədbirin sonunda tədbir iştirakçılarına istehlakçı hüquqlarına dair maarifləndirici materiallar paylanıb.