Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Azərbaycan Dövlət Statistika Komitəsi 2013-cü il üçün kiçik sahibkarlıq subyektlərinin əsas makroiqtsadi göstəricilərini açıqlayıb.
“APA-Economics”in komitənin statistik rəqəmlərinə istinadən verdiyi məlumata görə, ötən il kiçik sahibkarlıq subyektləri üçün yaradılmış əlavə dəyərin həcmi 1 620 mln. manat təşkil edib. Bu isə 2012-ci ilin göstəricisinə nisbətən 20,3% çoxdur.
Ötən il ərzində kiçik sahibkarlıq subyektlərinin əldə etdiyi ümumi mənfəət 165,4 mln. manat təşkil edib ki, bu da 2012-ci illə müqayisədə 34,7% artım deməkdir.
Hesabat dövründə kiçik sahibkarlıq subyektlərində çalışan işçilərin orta illik sayı 2012-ci illə müqayisədə 14,1% artaraq 109 min nəfər təşkil edib.
2013-cü ildə kiçik sahibkarlıq subyektlərində fəaliyyət göstərən işçilərin orta aylıq nominal əmək haqqı 303,5 manat təşkil edib ki, bu da 2012-ci illə müqayisədə 15,2% artım deməkdir.
Ötən il ərzində kiçik sahibkarlıq subyektlərinin əsas kapitala yatırdığı investisiyaların həcmi 486,3 mln. manat təşkil edib. Bu isə 2012-ci ilin göstəricisi ilə müqayisədə 8,5% azdır.
Hesabat dövründə kiçik sahibkarlıq subyektlərinin dövriyyəsi 6 072,6 mln. manat təşkil edib ki, bu da daha əvvəlki 2012-ci ilə nisbətən 19% çoxdur.