2017-ci ildə "Qrant haqqında" Qanuna müvafiq olaraq, İqtisadiyyat Nazirliyi tərəfindən kommersiya hüquqi şəxslərin 141 qrant müqaviləsi qeydiyyata alınıb.
İqtisadiyyat Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, bunu bu gün İqtisadiyyat Nazirliyində Azərbaycan prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlət başçısı tərəfindən verilmiş tapşırıqların icrası ilə bağlı keçirilən geniş kollegiya iclasında iqtisadiyyat naziri Şahin Mustafayev bildirib.
Onun sözlərinə görə, ötən il vergi yoxlamaları istisna olmaqla sahibkarlıq subyektlərində cəmi 83 yoxlama keçirilib: “Müqayisə üçün, 2015-ci ildə belə yoxlamaların sayı 61 mindən çox olub. Vergi yoxlamaları, dərman vasitələrinin keyfiyyəti və təhlükəsizliyi qaydalarına riayət edilməsi və qida məhsullarının təhlükəsizliyinə nəzarətin həyata keçirilməsi ilə bağlı aparılan yoxlamalar istisna olmaqla, sahibkarlıq sahəsində yoxlamaların dayandırılması müddəti 2021-ci il yanvarın 1-dək artırılıb”.