Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. İqtisadiyyat və Sənaye Nazirliyinin Bakı Biznes Tədris Mərkəzi (BBTM) tərəfindən sahibkarların maarifləndirilməsi istiqamətində keçirilən kompleks tədbirlər çərçivəsində növbəti treninq bu gün Qazax rayonunda təşkil edilib.
Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, BBTM-in Qazax nümayəndəliyinin təşkilatçılığı ilə keçirilmiş treninqdə sahibkarlar və sahibkarlıq fəaliyyətinə yeni başlayanlar iştirak ediblər.
Tədbirdə çıxış edənlər Qazax rayonunda üzümçülüyün inkişaf perspektivlərinə, logistika və İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən göstərilən elektron xidmətlərə dair təqdimatlarla çıxış etmiş, iştirakçılara kənd təsərrüfatında ixtisaslaşma, xüsusiyyətləri, ekoloji təmiz üzüm istehsalının təşkili prinsipləri, logistik mərkəzlərin yaradılması, www.icazeler.gov.az, www.b2b.az elektron portalları, həmçinin investisiya layihələrinin maliyyələşdirilməsi ilə əlaqədar elektron idarəetmə sistemi və s. barədə məlumat veriblər.
Treninqdə BBTM tərəfindən hazırlanmış metodiki vəsaitlər paylanmış, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.