Şabran. Vəli Turan – APA-Economics. Bu gün İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Şabran rayonunun Şahnəzərli kəndində sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forum keçirilib.
“APA-Economics”in şimal bürosunun verdiyi məlumata görə, 70-ə yaxın sahibkarın iştirak etdiyi tədbirdə Şabran rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan müasir çörək istehsalı müəssisəsinin, 50 başlıq südlük istiqamətli müasir ailə fermer təsərrüfatlarının, pendir istehsalı müəssisəsinin, intensiv üzümçülük təsərrüfatlarının və plastik qapı-pəncərə istehsalı müəssisəsinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilmiş, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilmiş, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanılıb.
SKMF-nin icraçı direktoru Şirzad Abdullayev çıxışında bildirib ki, 2014-cü ilin ötən dövrü ərzində 2246 sahibkara 118,9 mln. manat güzəştli kredit verilib ki, bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 5200-ə yaxın yeni iş yerinin yaradılmasına imkan verir. Ümumilikdə, indiyədək Şabran rayonundan olan 92 sahibkara 20,6 mln. manat güzəştli kreditlər (bu gün verilmiş kreditlər də daxil olmaqla) verilib və bu kreditlər hesabına 1100-dən çox yeni iş yerləri yaradılıb.
Forum çərçivəsində Şabran və ətraf rayonlardan olan 43 sahibkar 808 min manat güzəştli kredit almışdır. Verilən kreditlər əsasən, heyvandarlıq, üzümçülük, meyvəçilik, quşçuluq, və s. sahələrin inkişafına yönəldiləcək və kreditlər hesabına 80-ə yaxın yeni iş yerinin yaradılması nəzərdə tutulur.