Bakı. Rəşad Süleymanov - APA. Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasında (ASK) psixologiya elmləri namizədi, “Kvanta+” şirkətinin baş direktoru, “Rusiyanın dayağı” Ümumrusiya kiçik və orta sahibkarlıq ictimai təşkilatının Tümen regional şöbəsinin sədri Eduard Ömərovun “Kustarlar və rokfellerlər” kitabının təqdimatı olub. Bu barədə APA-ya ASK-nın mətbuat xidmətindən məlumat verilib.
Eduard Ömərov ASK prezidenti Məmməd Musayevlə görüşərək, müəllifi olduğu “Kustarlar və Rokfellerlər” kitabını ona təqdim edib.
M.Musayev müəllifə gələcək fəaliyyətində yaradıcılıq uğurları arzu edib və qeyd edib ki, bu kitab gələcəkdə sahibkarların stolüstü kitabına çevriləcək.
ASK-nın baş məsləhətçisi Məhəmmədəli Əfəndiyev tədbirdə bildirib ki, “Kustarlar və Rokfellerlər” kitabı oxucunun öz qüvvəsinə inanmasına, öz potensialını aşkara çıxarıb ondan istifadə etməsinə kömək göstərəcək. O qeyd edib ki, Eduard Ömərov orta təhsilini Azərbaycanda başa vurduqdan sonra Rusiyanın Tümen şəhərinə yaşamağa və işləməyə gedib. O, psixoloq, sahibkar və ictimai xadimdir. Bu kitabın əsas mahiyyəti həyatda uğur qazanmaq, məqsədlərə nail olmaq və öz potensialından istifadə etməkdir.
E.Ömərov bildirib ki, kitab Sankt-Peterburqda, Tümendə oxuculara təqdim olunub və onların rəğbətini qazanıb.
Sonra “Kustarlar və Rokfellerlər” kitabı ətrafında müzakirələr aparılıb.