Son illər Sahibkarlığa Kömək Milli Fondu (SKMF) tərəfindən maliyyələşdirilmiş və 2016-cı il ərzində 45 istehsal, emal və infrastruktur müəssisələri, o cümlədən 1 aqropark, 1 taxıl anbarı, 2 yaşıl market, 5 iri fermer, 3 müasir heyvandarlıq, 6 quşçuluq və 10 istixana təsərrüfatları, 2 süd, 2 ət, 1 meyvə-tərəvəz və 1 pambıq emalı, 1 şərab zavodu, 1 şirniyyat, 1 un məmulatları, 1 qənnadı, 3 tikinti materialları, 1 neft-kimya sənayesi avadanlıqları, 1 polietilen və polipropilen məmulatları istehsalı, 1 hava kompressoru və 1 sürtgü yağlarının təkrar istehsalı müəssisələri istifadəyə verilib. "APA-Economics" xəbər verir ki, bu barədə SKMF-nin 2016-cı il üzrə audit hesabatında deyilir.
Sənədə əsasən, 2017-ci ildə daha 65 istehsal, emal və infrastruktur müəssisələri, o cümlədən 1 taxıl anbarı, 8 logistik mərkəz, 5 iri fermer, 4 müasir heyvandarlıq, 2 quşçuluq, 14 istixana, 3 üzümçülük və 4 intensiv bağçılıq təsərrüfatları, 1 süd və 1 ət emalı, 1 süfrə suları, 2 çörək zavodu, 2 tara, 4 tikinti materialları, 1 mebel, 6 qida və 6 qeyri-qida məhsullarının istehsalı müəssisəsi və 1 müalicə sağlamlıq mərkəzinin istifadəyə verilməsi planlaşdırılır.
Bu layihələrin icrası nəticəsində 5400-dək yeni iş yerinin yaradılması nəzərdə tutulur.