Bakı. Vüsal Nəbiyev - APA-Economics. İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Qaradağ rayonunun Lökbatan qəsəbəsində keçirilən sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forum keçirib.
Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, forumda sahibkarlara güzəştli kreditlərin alınması mexanizmi barədə ətraflı məlumatlar verilib, Qaradağda həyata keçirilməsi məqsədəuyğun hesab olunan nümunəvi layihələr təqdim olunub, sahibkarlarla müvəkkil kredit təşkilatları arasında işgüzar münasibətlər qurulub, sahibkarların investisiya layihələri maliyyələşdirilib.
80-ə yaxın sahibkarın iştirak etdiyi işgüzar forum çərçivəsində Qaradağ rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan ət kəsimi, şirniyyat məhsulları, üzlüklər, dam örtükləri, plastik qablar və corab istehsalı müəssisələrinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanıb.
SKMF-nin icraçı direktoru Şirzad Abdullayev bildirib ki, cari ilin ötən dövrü ərzində ölkə üzrə 1 297 sahibkarlıq subyektinin investisiya layihəsinin maliyyələşdirilməsinə 75,8 mln. manat güzəştli kredit verilib. Bu kreditlər hesabına maliyyələşdirilən layihələrin reallaşdırılması 3 300-ə yaxın yeni iş yerinin yaradılmasına imkan verir. Ümumilikdə, indiyədək Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair dövlət proqramları çərçivəsində paytaxt qəsəbələrində sahibkarlıq subyektlərinin 1 268 investisiya layihəsinin maliyyələşdirilməsinə 323,3 mln. manat güzəştli kredit verilib, digər sahələrlə yanaşı, müasir texnologiyaların tətbiqinə əsaslanan çörək zavodları, istixana kompleksləri, quşçuluq, bağçılıq təsərrüfatları, ət emalı, “yaşıl market”, logistik mərkəzlər, tikinti materialları, mebel, neft-kimya sənayesi avadanlıqları, metal konstruksiya istehsalı müəssisələrinin yaradılması üzrə investisiya layihələri maliyyələşdirilib. Qeyd edilib ki, son illər güzəştli kreditlər hesabına 145 sənaye yönümlü investisiya layihəsinin maliyyələşdirilməsinə 470 mln. manatdan çox güzəştli kredit verilib. Maliyyələşdirilmiş müəssisələrdən 125-i istifadəyə verilib.
İşgüzar forum çərçivəsində müvəkkil kredit təşkilatları vasitəsilə 15 sahibkarlıq subyektinə 2,9 mln. manat güzəştli kredit verilib. Verilmiş kreditlər əsasən, heyvandarlıq, əkinçilik, ət kəsimi və emalı, çörək, tikinti materialları, idman ləvazimatları istehsalı sahələrinə yönəldiləcək. Bu kreditlərin reallaşdırılması 200-dən çox yeni iş yerinin yaradılmasına imkan verir.
Forum çərçivəsində Qaradağ rayonunda dövlətin güzəştli krediti ayrılmış ildə 438 min ton tikinti materialları istehsal etmək gücündə olan zavoda və idman ləvazimatları istehsalı müəssisəsində tikinti işlərinə baxış keçirilib.