Bu gün İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Salyan rayonunda sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forum keçirib. İqtisadiyyat Nazirliyindən "APA-Economics"ə verilən məlumata görə, tədbirdə sahibkarlara güzəştli kreditlərin alınması mexanizmi barədə məlumat verilib, Salyanda həyata keçirilməsi məqsədəuyğun hesab olunan nümunəvi layihələr təqdim olunub, sahibkarların investisiya layihələri maliyyələşdirilib. İşgüzar forumda 100-dən çox sahibkar iştirak edib.
SKMF-nin icraçı direktoru Şirzad Abdullayev bildirib ki, indiyədək Salyan rayonundan olan 380-dən çox sahibkarın investisiya layihəsinin maliyyələşdirilməsinə 40,6 mln. manat güzəştli kredit verilib. Qeyd olunub ki, ümumilikdə, indiyədək Aran iqtisadi rayonunda fəaliyyət göstərən 12800-dən çox sahibkara 503 mln. manatdan çox güzəştli kredit verilib. Bu kreditlər 39 mindən çox yeni iş yerinin açılmasına imkan verir.
İşgüzar forum çərçivəsində Salyan və ətraf rayonlardan olan 41 sahibkara 5,4 mln. manat güzəştli kredit verilib. Verilən kreditlər əsasən, istixana kompleksinin inşası, quşçuluq, tərəvəzçilik, əkinçilik, heyvandarlıq, plastik qapı-pəncərə istehsalı sahələrinin inkişafına yönəldiləcək. Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması hesabına 200-ə yaxın yeni iş yerinin açılması mümkün olacaq.