“Sumqayıt Texnologiyalar Parkı” MMC Gürcüstan bazarında unikal məhsullar təqdim edir”.
Bu barədə APA-nın Gürcüstan bürosuna açıqlamasında MMC-nin Korporativ satışlar şöbəsinin müdiri Raqif Yusifov bildirib.
MMC Tbilisidə “Expo Georgia” sərgi mərkəzində keçiriləm “Caucasus Build 2018” beynəlxalq inşaat və interyer sərgisində iştirak edir.
R.Yusifovun sözlərinə görə, sərgidə iştirakın əsas məqsədi Gürcüstan və digər yaxın xarici ölkələrlə əlaqələr yaratmaq və bazarların tələblərinə uyğun dünya standartlarına cavab verən məhsulları təqdim etməkdir: “Son 1 ildə STP ixrac istiqaməti üzrə aktiv fəaliyyətə başlayıb. Müəssisə hər bir xarici bazarda öz məhsullarının unikallığını müəyyən edərək onları təklif edir”.
Şirkət nümayəndəsi deyib ki, artıq 6 aydır ki, STP MMC-nin Gürcüstanda diler şirkəti fəaliyyət göstərir: “Həmin şirkət vasitəsilə STP Gürcüstanda istehsal olunmayan məhsulları qonşu ölkənin bazarına ixrac edir. Məhsullar arasında güc və optik kabellər, polimer məhsulları üstünlük təşkil edir. Gürcüstanda həyata keçirilən bir neçə layihədə artıq STP məhsullarından istifadə olunur”.
MMC nümayəndəsi qeyd edib ki, şirkətin unikal məhsulları TANAP kimi regional layihələrdə də istifadə olunur.
Belarus, Çin, Ermənistan, Almaniya, Fransa, İran, Rusiya, Ukrayna, BƏƏ və digər ölkələrin tikinti və inşaat şirkətlərinin iştirak etdiyi sərgi aprelin 29-na qədər davam edəcək. STP MMC ilə yanaşı Azərbaycanı sərgidə “Unimetal” və “Fəxrəddin –K” şirkəti də təmsil edir.