Bakı. Yeganə Laçınzadə - APA-Economics. Sağlam və təhlükəsiz əmək şəraiti işçi amilinə diqqət və qayğının real ifadəsi olmaqla, iş yerlərində işgüzar fəallığın, məhsuldarlığın yüksəlməsi, nəticə etibarilə iqtisadi inkişafın təmin edilməsi baxımından da olduqca vacibdir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) ictimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumatına görə, bu fikir ƏƏSMN yanında Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) tərəfindən “Təhlükəsiz iş ongünlüyü” çərçivəsində fevralın 2-də Sumqayıt şəhəri və Xızı rayonunun işəgötürənləri üçün keçirilən “Açıq qapı” günündə vurğulanıb.
Əməyin mühafizəsi, istehsalatda bədbəxt hadisələrdən qorunmaq üçün qabaqlayıcı tədbirlər, bu sahədə tənzimləyici normativ-hüquqi aktlar barədə işəgötürənlər ətraflı məlumatlandırılıb. Bildirilib ki, iş yerlərində təhlükəsiz və sağlam əmək şəraitinin yaradılmasına, peşə risklərinin düzgün qiymətləndirilməsinə, habelə iş yerlərinin attestasiyasının vaxtında və keyfiyyətlə aparılmasına işəgötürənlər tərəfindən daim xüsusi diqqət yetirilməlidir. Bu sahədə əmək qanunvericiliyinin tələblərinə əməl olunmaması istehsalatla əlaqəli bədbəxt hadisələrə zəmin yaratmaqla, işçilərin həyat və sağlamlığını təhlükə altında qoyur.
Tədbirdə, həmçinin, ölkədə əmək qanunvericiliyinin təkmilləşdirilməsi sahəsində görülən işlər, əməyin mühafizəsi sahəsində dövlət siyasəti, iş yerlərində təhlükəsiz və sağlam əmək şəraitinin yaradılmasına dövlət nəzarətinin gücləndirilməsi istiqamətində son vaxtlar həyata keçirilən tədbirlər barədə iştirakçılara geniş məlumatlar verilib. İşəgötürənlərin iş yerlərində əməyin mühafizəsinin təşkili ilə bağlı sualları ətraflı cavablandırılıb.