Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Türkiyədə «Azərbaycan təqdimatı» adlı sərgi keçiriləcək.
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (Azpromo) «APA-Economics»ə verilən məlumata görə, dekabrın 24-26-da Türkiyənin Qars şəhərində Azərbaycan prezidenti İlham Əliyevin doğum gününə həsr olunmuş «Azərbaycan təqdimatı» adlı sərgi baş tutacaq.
Sərgi Azərbaycanın Qarsdakı Baş Konsulluğunun dəstəyi ilə və «Qars-Azərbaycan Evi» Dərnəyinin müraciəti əsasında təşkil olunur. Bu məqsədlə Dərnək Azərbaycanın müxtəlif sahələrində fəaliyyət göstərən şirkətləri sərgiyə dəvət edir və həmin sərgidə iştirak edəcək şirkətlərin təqdim edəcəyi məhsullar üçün 22 stend yeri ayırıb.
Tədbirdə rəsmi şəxslərlə yanaşı Türkiyədə fəaliyyət göstərən şirkətlərin də iştirakı nəzərdə tutulur.
Qeyd edək ki, tədbirdə 22 nəfərlik nümayəndə heyətinin uçuş xərclərini çıxmaq şərti ilə digər xərcləri (nəqliyyat, mehmanxana və yemək) «Qars-Azərbaycan Evi» Dərnəyi öz üzərinə götürür. Tədbirdə iştirak etmək istəyən şəxslər Azərbaycan Xarici İşlər Nazirliyinə müraciət edə bilərlər.