Bank Of Baku

ÜGT-nin Bakıdakı regional ofisində xarici iqtisadi fəaliyyət iştirakçıları ilə görüş keçirilib

ÜGT-nin Bakıdakı regional ofisində xarici iqtisadi fəaliyyət iştirakçıları ilə görüş keçirilib
# 26 sentyabr 2014 20:00 (UTC +04:00)

Dövlət Gömrük Komitəsindən APA-ya verilən məlumata görə, görüşdə məqsəd Gömrük Məcəlləsindən irəli gələn normativ hüquqi qanunvericiliyin tələbləri barədə biznes subyektlərini məlumatlandırmaq olub.

 

Tədbirdə giriş sözü ilə çıxış edən Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-leytenantı Şahin Bağırov gömrük orqanları ilə özəl sektor arasında qarşılıqlı əməkdaşlığın əhəmiyyətindən danışıb və vurğulayıb ki, Azərbaycan Gömrük Xidməti dövlətçiliyin daha da möhkəmləndirilməsi, ölkənin iqtisadi qüdrətinin durmadan yüksəlməsi naminə öz imkanlarını əsirgəmir.

 

DGK sədrinin müavini son bir ildə gömrük sahəsində normativ hüquqi bazanın təkmilləşdirilməsi istiqamətində görülən işlər barədə məlumat verib və bildirib ki, Azərbaycanda 2012-ci ilin əvvəlindən yeni Gömrük Məcəlləsinin tətbiqi ilə əlaqədar Dövlət Gömrük Komitəsinin hazırladığı normativ hüquqi aktlar iqtisadiyyatın bütün sahələrini, o cümlədən, nəqliyyat, sənaye, kənd təsərrüfatı və digərlərini əhatə edir.  Ş.Bağırov xatırladıb ki, idxal-ixrac əməliyyat­larının aparılmasının liberallaşdırılması sahəsində islahatlar nəticəsində 2009-cu il yanvarın 1-dən Azərbaycan Respublikası dövlət sərhədinin bura­xılış məntəqələrindən keçirilən malların və nəqliyyat vasitələrinin yoxlanılmasında “bir pəncərə” prinsipi tətbiq edilmiş, yeni Gömrük Məcəl­ləsinin tətbiqi ilə idxal-ixrac əməliyyatları sahə­lərində inzibati prosedurlar daha da sadələşdirilib.

 

Lakin bu istiqamətdə islahatlar davam etdirilir və bu baxımdan “Sahib­karlığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan prezidentinin 3 mart 2014-cü il tarixli fərmanı sahibkarlığın inkişafına göstərilən diqqət və qayğının, bu sahəyə verilən böyük önəmin, özəl bölməyə dövlət dəstəyi tədbirlərinin ardıcıllığının göstəricisi və sahibkarlığın inkişafının yeni mərhələsinin hüquqi əsasla­rını özündə əks etdirən mühüm konseptual sənəddir. Bu fərman Azərbaycanda məhz biznes mühitinin daha da yaxşılaşdırılması, onun ən qabaqcıl təcrübələr əsasında təkmil­ləşdirilməsi istiqamətində mühüm tədbirlərin həyata keçirilməsi və qarşıdakı illərdə sahibkarlığın inkişafı üçün geniş imkanlar açıb. Fərmana əsasən, idxal-ixrac əməliyyatları zamanı tələb olunan sənədlərin, müddət və xərclərin azaldılması üçün qanunvericiliyə də­yişikliklər edilib və bu prosesə Dövlət Gömrük Komitəsi də yaxından qatılıb.

 

Sonra DGK Gömrük Nəzarətinin Təşkili Baş İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Cavad Qasımov təqdimatla çıxış edərək “Sahibkarlığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” sözü­gedən fərmanın icrasını təmin etmək məqsədilə Azərbaycan prezidentinin 24 iyun 1997-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyat­larının tənzim­lənməsi Qaydaları”na edilmiş dəyişikliklərin, eləcə də Nazirlər Kabinetinin 22 iyul 2014-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydaları”nın izahını verib.

 

Bundan başqa, “Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydaları” ilə təsdiq olunmuş bəyannamələrin ayrı-ayrı formaları - dövri, natamam, əlavə, sadələşdirilmiş bəyannamələr, qısa idxal (ixrac) bəyannaməsi, eləcə də təkrar ixrac bildirişinin formaları və nə zaman tətbiq ediləcəyi barədə məlumat verilib. Gömrük Məcəlləsi ilə müəyyən olunmuş bir sıra yeni anlayışların - səlahiyyətli iqtisadi operator, gömrük təmsilçiliyi və s. iqtisadi məzmunu da görüş iştirakçılarının diqqətinə çatdırılıb və onların sualları cavablandırılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR