Urmiya. Məlahət Nəcəfova - APA. "Urmiya şəhəri azərbaycanlı sərmayədarların burada fəaliyyət göstərməsi üçün bütün lazımi şəraitin yaradılmasına hazırdır".
APA-nın xəbərinə görə, bu sözləri Urmiya şəhərinin bələdiyyə sədri vəzifəsini icra edən Qulamrza Ədlidost həmin şəhərdə səfərdə olan bir qrup azərbaycanlı jurnalistə açıqlamasında deyib.
Onun sözlərinə görə, azərbaycanlı investorlar tikinti, aqrar, turizm, o cümlədən səhiyyə sahələrinə sərmayə yatıra bilərlər: “Münasibətlərin inkişafında mədəniyyət oxşarlığı da böyük amildir. Bu səbəbdən forumlar, sərgilər və digər elmi-mədəni tədbirlər təşkil olunmalıdır. 2015-ci ildə Qərbi Azərbaycan vilayətində Urmiya şəhərinin yaranmasının 3 min illiyi ilə bağlı təntənəli mərasim keçiriləcək. Biz Azərbaycandan da böyük nümayəndə heyətini buraya dəvət etməyi planlaşdırırıq".
Qeyd edək ki, Urmiya şəhəri Qərbi Azərbaycan əyalətinin mərkəzidir və İranın şimal-qərbində yerləşir. Urmiya gölündən 18 km uzaqda yerləşən şəhərin 3 min illik tarixi var. UNESCO-nun mədəni irs siyahısında Urmiya 91-ci şəhər kimi qeyd olunub. Bəzi tarixçilər Urmiyanı Zərdüştün doğulduğu yer kimi göstərirlər. Urmiya assurilərin dilində “Su şəhəri” mənasını verir. Şəhərin ümumi sahəsi 11 min hektar, əhalisi 800 min nəfərdir.