Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu gün Xaçmazda Quba-Xaçmaz Regional İnkişaf Mərkəzində İqtisadiyyat və Sənaye, Gənclər və İdman nazirliklərinin birgə təşkilatçılığı ilə “Gənclərin sahibkarlıq təşəbbüslərinin dəstəklənməsi” mövzusunda Konfrans keçirilib.
İqtisadiyyat və Sənaye Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, konfransda İqtisadiyyat və Sənaye, Gənclər və İdman nazirliklərinin nümayəndələri, Quba-Xaçmaz iqtisadi rayonuna daxil olan şəhər və rayonlarda yaşayan gənclər iştirak edib.
İqtisadiyyat və sənaye nazirinin müavini Sahib Məmmədov bildirib ki, 2013-cü ildə ölkəmizdə 917 gənc sahibkara 62,8 mln. manat və 2014-cü ilin I rübü ərzində isə 226 gənc sahibkara 12,5 mln. manat güzəştli kredit verilib ki, bu kreditlər hesabına 2 700-ə yaxın yeni iş yerinin yaradılması imkanı yaradılıb.
Gənclər və idman nazirinin müavini İntiqam Babayev vurğulayıb ki, dövlət başçısının müvafiq sərəncamı ilə təsdiq edilən “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı hər bir gəncin inkişafı üçün yeni imkanlar yaradıb.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.