Bu gün Yevlax Gömrük İdarəsində Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyevin "Gömrük xidməti ilə biznes subyektlərinin nümayəndələrindən ibarət İctimai şuraların yaradılması" haqqında sərəncamına əsasən yaradılmış İctimai Şuranın "Qeyri-neft məhsullarının istehsalının və ixrac potensialının artırılması" mövzusunda görüş keçirilib.
"APA-Economics" xəbər verir ki, görüşdə Yevlax Gömrük İdarəsinin ərazisində fəaliyyət göstərən sahibkarlarla yanaşı, Dövlət Fitonəzarət Nəzarəti Xidməti və Dövlət Baytarlıq Nəzarəti Xidmətlərinin Yevlax şəhəri üzrə nümayəndələri iştirak edib.
Görüşdə gömrük orqanları tərəfindən xarici ticarətin asanlaşdırılması və daxili bazarın qorunması istiqamətində görülən işlər, gömrük ödənişləri zamanı sahibkarlara tətbiq olunan güzəştlər, göstərilən elektron gömrük xidmətləri haqqında məlumat verilib.
Aidiyyəti dövlət qurumlarının qarşılıqlı fəaliyyətinin dəyərləndirildiyi tədbirdə iş adamlarına xarici iqtisadi fəaliyyətin inkişaf etdirilməsi, dövlətin iqtisadi təhlükəsizliyinin, iqtisadi maraqlarının qorunması, ticarət dövriyyəsinin sürətləndirilməsi, o cümlədən daxili istehsalın stimullaşdırılması və ixrac potensialının inkişaf etdirilməsi məqsədilə aparılan islahatlar, qanunvericilik bazasının daha da təkmilləşdirilməsi və biznes subyektləri üçün əlverişli infrastrukturun qurulması üçün görülən işlər barədə məlumat verilib.
Yevlax Gömrük İdarəsinin rəisi Arif Mehdiyev tədbiri giriş sözü ilə açaraq görüşün mahiyyətindən, müzakirə olunacaq məsələlər barədə danışıb. Azərbaycan iqtisadiyyatının inkişafında və qeyri-neft sektorunun şaxələndirilməsində özəl sektorun xüsusi rolundan və bu baxımdan sahibkarlığın inkişafına göstərilən dövlət dəstəyi barədə məlumat verib.
İdarənin Yük şöbəsinin rəisi Nurlan Nuriyev çıxış edərək dövlət başçısının "Ölkəmizin inkişafı sahibkarlığın inkişafından asılıdır" strateji xəttinə uyğun olaraq, Azərbaycanda innovativ sahibkarlığın stimullaşdırılması və inkişafı üçün özəl bölməyə göstərilən xüsusi diqqət barədə məlumat verib, DGK tərəfindən son illərdə biznes və investisiya mühitinin davamlı olaraq yaxşılaşdırılması, bu sahədə qanunvericilik bazasının təkmilləşdirilməsi, inzibati prosedurların sadələşdirilməsi, biznes subyektlərinə dəstəyin genişləndirilməsi ilə bağlı görülmüş işlərdən danışıb. Gömrük sistemində qanunvericiliyin təkmilləşdirilməsinin, "bir pəncərə" prinsipinin tətbiqinin, xidmətlərin elektron qaydada həyata keçirilməsinin rəsmiləşdirməni asanlaşdırmaqla yanaşı, həm də sürətləndirdiyi diqqətə çatdırılıb.
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin Yevlax rayonlararası Bitkilərin karantini məntəqəsinin rəisi Habil Qəhrəmanov çıxış edərək bitki və bitkiçilik məhsullarında zərərli orqanizmlərin kütləvi yayılmasının qarşısının alınmasına, xəstəliklərin aradan qaldırılmasına, məhsul itkisinə yol verilməməsinə, ətraf mühitin və əhalinin sağlamlığının, habelə flora və faunanın pestisidlərin, digər zəhərli kimyəvi maddələrin zərərli təsirindən qorunmasına yönəldilmiş bitki mühafizəsi tədbirləri və bu sahədə sahibkarlara göstərilən dəstək barədə məlumat verib.
Daha sonra Dövlət Baytarlıq Nəzarəti xidmətinin Yevlax rayon Baytarlıq idarəsinin rəisi Vaqif Kərimov çıxış edərək Azərbaycan ərazisində bütün növ heyvanların (mal-qaranın, quşların, xəzdərili heyvanların, balıqların, arıların, vəhşi heyvanların) müxtəlif xəstəliklərdən qorunmasını və onların müalicəsini, əhalinin insan və heyvanlar üçün ümumi olan xəstəliklərdən qorunmasını, ölkə ərazisinin xarici dövlətlərdən keçə biləcək yoluxucu xəstəliklərdən mühafizə edilməsini təmin etmək, heyvan mənşəli məhsulların və xammalın zəruri baytarlıq (baytarlıq-sanitariya) keyfiyyətinə nəzarəti həyata keçirmək, bir sözlə, ölkənin epizootik vəziyyətinin sabitliyini təmin etmək, sahibkarlar bu sahədə verilən dəstək barədə məlumat verib.
Sonra Sahibkarlar da çıxış edərək gördükləri işlər barədə məlumat verərək bu gün xarici iqtisadi fəaliyyətlə məşğul olan sahibkarlıq subyektlərinin dəstəklənməsi məqsədilə əlaqəli dövlət qurumları tərəfindən görülən işlərə həmçinin sahibkarlıq fəaliyyətinin düzgün istiqamətləndirilməsi ilə bağlı bu cür görüşlərin keçirildiyinə görə öz təşəkkürlərini bildiriblər.