Zaqatala. Vüqar Heydərov - APA. Zaqatalada qeyri-qanuni fəaliyyət göstərən və standartlara cavab verməyən limonad istehsalı sexinin fəaliyyəti dayandırılıb.
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin Şəki ərazi idarəsindən APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, Şəki ərazi idarəsinin əməkdaşları dövlət nəzarət planına uyğun olaraq aparılan monitorinqlər zamanı Zaqatala rayonu, Əliabad qəsəbəsi ərazisində qeyri-qanuni fəaliyyət göstərən fiziki şəxs, Əliabad qəsəbə sakini İlqar Bəypolad oğlu Mustafayevə məxsus alkoqolsuz “Duşes” limonadı içkisi istehsalı sexi aşkar edib.
Monitorinq zamanı müəyyən edildi ki, sexin avadanlığı istər texniki, istərsə də texnoloji cəhətdən standartın tələblərinə uyğun deyil. Sexdə təkrar istifadə üçün yığılan şüşə butulkaların yuyulması üçün şərait, istehsal olunan məhsul üçün reseptura yoxdur.
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin Şəki ərazi idarəsindən o da bildirilib ki, əhalinin sağlamlığının qorunması, infeksion xəstəliklərin yaranmasının qarşısının alınması, ümumiyyətlə, istehlak bazarına qeyri-qanuni yolla istehsal olunmuş saxta məhsulların çıxarılmasının aşkar olunması istiqamətində monitorinqlər davam etdirilir. Aşkar olunacaq faktlarla bağlı ciddi tədbirlər görüləcək.