OPEC-in hesabatına əsasən, azalmanın əsas səbəbi dünya iqtisadiyyatında başlamış geriləmə və onun nəticəsi olaraq istehsalın və neftə tələbatın azalmasıdır. Tələbatın azalmasının birbaşa nəticəsi kimi neft bazarında qiymətlərin enməsi davam edir. Noyabrın 17-də neftin qiyməti 55 dollar/barelə düşməklə 22 aylıq minimuma enib. Təşkilatın analitikləri hesab edirlər ki, buna cavab olaraq bazarda neftin təklifi azaldılmalıdır və artıq bu istiqamətdə müəyyən addımların atılması üçün müzakirələr aparılır. Belə ki, OPEC-in noyabrın 29-da keçiriləcək iclasında təşkilatın üzvləri tərəfindən neftin hasilat kvotalarının daha da azaldılmasına dair qərarın qəbul ediləcəyi gözlənilir. Artıq İran və Küveyt bu addıma hazır olduqlarını bildirib və digər üzv-ölkələri buna çağırır, çünki yalnız bu halda neftin qiymətinin azalması prosesinin qarşısını almaq mümkündür. İran gündəlik hasilatın 1-1,5 mln. barel azaltmağı təklif edir və Küveyt rəsmiləri bunu dəstəklяyir.
Qeyd edək ki, neft ixracatçıları ölkələri arasında məhz İran iqtisadiyyatının neftin qiymətindən asılılığı daha yüksəkdir. Xatırladaq ki, Beynəlxalq Valyuta Fondunun oktyabrda açıqladığı hesablamalara əsasən, İran iqtisadiyyatı üçün neftin təhlükə yaradan qiyməti 90 dollar/barel təşkil edir.
Ümumilikdə, neft ixrac edən ölkələr üzrə bu təhlükəli minimal hədd aşağıdakı kimidir:
Ölkə | Qiymət (dollar/barel) |
BƏƏ | 23 |
Qətər | 24 |
Küveyt | 33 |
Azərbaycan | 40 |
Liviya | 47 |
Səudiyyə Ərəbistanı | 49 |
Əlcəzair | 56 |
Qazaxıstan | 59 |
Bəhreyn | 75 |
Oman | 77 |
İran | 90 |
İraq | 111 |
Göründüyü kimi, neftin qiyməti artıq bir sıra ixracatçı ölkə üçün təhlükəli səviyyəyə çatıb və bu, OPEC-in hasilatın azaldılmasına dair qərar qəbul etməsi ehtimalını artırır. Əks halda, bu ölkələrin, o cümlədən Azərbaycanın nəyinki gəlirlərinin azalması davam edəcək, hətta iqtisadiyyatda nəzərdə tutulan xərclərin həyata keçirilməsini təhlükə altına qoyacaq.