Bank Of Baku

Azərbaycanın aparıcı poladəritmə müəssisəsi dekabrda işini tam bərpa edəcək

Azərbaycanın aparıcı poladəritmə müəssisəsi dekabrda işini tam bərpa edəcək
# 25 noyabr 2008 09:41 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanın aparıcı poladəritmə müəssisəsi olan «Baku Steel Company» şirkəti 2008-ci ilin dekabr ayında fəaliyyətini tam bərpa edəcək. Bu barədə «APA-Economics»ə şirkətin mətbuat xidmətinin rəhbəri Namiq Əhmədov məlumat verib.
N.Əhmədovun sözlərinə görə, hazırda şirkətin fasiləsiz tökmə sexində təmir aparılır ki, həmin sex müvəqqəti olaraq fəaliyyətini dayandırıb: «Bəzi mətbuat orqanlarında «Baku Steel Company» şirkətinin müflisləşməsi və tamamilə fəaliyyətini dayandırması haqqında yayılan məlumatlar cəfəngiyatdır. Hazırda müəssisədə tədarük işləri davam etdirilir. Sex müvəqqəti olaraq dayandırılıb və bu, orada aparılan təmir işləri ilə əlaqədardır. Artıq xaricdən yeni avadanlıqlar da alınıb».
Bundan başqa N.Əhmədov qeyd edib ki, hazırda şirkətdə 1 700-dən artıq işçi çalışır və bunların bir qismi təmir aparılan sexdə işləyir. Məhz həmin sexin təmirə dayandırılması orada çalışan işçilərin məzuniyyətə çıxmasına səbəb olub: «Məzuniyyətə çıxan bütün işçilər məvacib alır və bəzi KİV-də işçilərin öz hesabına məzuniyyətə buraxılması ilə bağlı dərc olunmuş yazılar həqiqətə uyğun deyil. Təmir işləri başa çatandan sonra bütün işçilər yenidən müəssisəyə qaytarılacaq».
Zavodun istehsalına gəldikdə isə, N.Əhmədov qeyd edib ki, xam mal çatışmazlığı səbəbindən müəssisə tam istehsal gücü ilə işləyə bilmir: «Zavodun illik nominal istehsal gücü 350 min tondur ki, bu il ərzində bu rəqəm 300 min tondan bir qədər çox olacaq. Bunun səbəbi xam mal çatışmazlığındadır. Nominal istehsal gücü 350 min ton olması üçün gündə 1,5-2 min ton xam mal tələb olunur».
Qeyd edək ki, «Baku Steel Company» şirkəti 2001-ci ildən fəaliyyət göstərir. Hazırda zavodda bir adda (tikinti armaturu) müxtəlif çeşiddə məhsul istehsal olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR