Bank Of Baku

Natiq Əliyev: «Azərbaycan OPEC-ə dəstək olaraq gündəlik neft ixracını 300 min barel azalda bilər»

Natiq Əliyev: «Azərbaycan OPEC-ə dəstək olaraq gündəlik neft ixracını 300 min barel azalda bilər»
# 17 dekabr 2008 12:02 (UTC +04:00)
«APA-Economics»in Rusiyanın «RİA Novosti» agentliyinə istinadən verdiyi məlumata görə, bunu Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev bildirib.
N.Əliyevin sözlərinə görə, bu qərar OPEC-in eyni addım atacağı təqdirdə mümkün ola bilər.
Nazir hazırda Azərbaycanın sutkada 840 min barel neft ixrac etdiyini bildirib. Onun sözlərinə görə, ölkənin gündəlik neft ixracını 1 mln. barelədək artırmaq imkanı var. Lakin dünya bazarında müşahidə olunan qiymətlər fonunda hasilatın artırılması son nəticədə bazarda təklifi daha da artıra bilər.
Qeyd edək ki, bu gün Əlcəzairdə OPEC-ə üzv olan və neft istehsal edən digər dövlətlərin nümayəndələrinin iştirakı ilə geniş tərkibdə iclası keçirilir. Torlantıda Azərbaycanı müşahidəçi qismində sənaye və energetika naziri N.Əliyev təmsil edir. İclasda OPEC üzvləri xam neft ixracının azaldılmasına dair müzakirələr aparırlar.
Əlcəzairin enerji və mədən sənayesi naziri Şəkib Xəlil jurnalistlərə açıqlamasında OPEC-ə üzv ölkələrin energetika nazirlərinin xam neft hasilatını azaltmaq barədə razılıq əldə etdiklərini vurğulayıb. Nazir bildirib ki, OPEC üzvləri gündəlik hasilatı daha 500 min barel azalda biləcəklər. Bununla üzv dövlətlər neftin qiymətinin 75 dollaradək qaldırmağı düşünürlər.
«Azərbaycanın OPEC-in qərarını dəstəkləyəcəyi istisna olunmur», - bunu «K2Kapital» portalına açıqlamasında N.Əliyev bildirib.
Sənaye və Energetika Nazirliyinin adını çəkilməsini istəməyən rəsmisinin «APA-ECONOMICS»ə verdiyi məlumata görə, hazırda Azərbaycan neft ixracını yarıbayarı azaldıb. Azərbaycanın OPEC-in təklifi ilə razı olduğunu deyən nazirlik rəsmisi neft ixracının daha 15%-dək azaldılmasının mümkün olduğunu vurğulayıb.
Qeyd edək ki, ötən gün Türkiyənin «Habertürk» portalı Bakı-Tiflis-Ceyhan boru kəmərinə vurulan neftin gündəlik həcminin 468 min barel azaldılması barədə məlumat yayıb. «BTC Co.» şirkəti bu addımı Azərbaycanın neft hasilatını azaltması ilə əsaslandırıb: «Azərbaycan tranzit daşıma problemləri ilə əlaqədar dekabrda gündəlik 781 min barel neft hasilatını yanvarda 568 min barelə endirəcək. Bununla da gələn ay Ceyhan limanında tankerlərə planlaşdırıldığından 213 min barel az neft yüklənəcəyi gözlənilir».
«BP-Azerbaijan» şirkətindən APA-ya bildirilib ki, «Azəri-Çıraq-Günəşli» yataqlar blokunda istismar olunan «Mərkəzi Azəri» platformasının avqust ayından işini dayandırması (qaz sızması səbəbindən - APA) hasilatın azalmasına təsir göstərib. Bu günlərdə isə ARDNŞ prezidenti Rövnəq Abdullayev bu platformanın dekabrın sonunadək yenidən istismara daxil olacağını bildirib. «BP-Azerbaijan» rəsmiləri bu səbəbdən gələn il «Azəri-Çıraq-Günəşli»də bu ilki kimi ən azı 4 platformanın işləyəcəyini qeyd ediblər.
Qeyd edək ki, dekabrın 16-da Nyu-York birjasında neftin 1 bareli 45,05 dollara satılıb.
Bu ilin birinci yarısında qiyməti rekord səviyyəyə (147 dollar) çatan neftin ilin ikinci yarısından etibarən ucuzlaşması və 50 dollardan aşağı düşməsi OPEC-i hasilatı azaltmağa vadar edib. Xatırladaq ki, dünya neft istehsalının 40%-i OPEC-in payına düşür. Noyabrın 3-dən etibarən OPEC gündəlik neft hasilatının həcmini 1,5 mln. barel, o cümlədən, təşkilatın üzvü olan Səudiyyə Ərəbistanı gündəlik neft hasilatını 466 min barel, İran 199 min barel, BƏƏ 134 min barel, Küveyt 132 min barel, Venesuela 127 min barel, Nigeriya 113 min barel, Anqola 99 min barel, Liviya 89 min barel, Əlcəzair 71 min barel, Qətər 43 min barel, Ekvador isə 27 min barel azaldıb. Noyabrın 12-də OPEC-in «neft səbəti»nin qiyməti 49,49 dollar/barel təşkil edib.
Xatırladaq ki, OPEC-ə Əlcəzair, Anqola, Venesuela, Qabon, İraq, İran, Qətər, Küveyt, Liviya, Nigeriya, BƏƏ, Səudiyyə Ərəbistanı və Ekvador daxildir. Sentyabr ayında OPEC-in gündəlik hasilatı 32,16 mln. barel təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR