Bank Of Baku

ARDNŞ ilə «Total» arasında «Abşeron» yatağı üzrə yekun sazişin imzalanma tarixi yanvarda müəyyənləşəcək

ARDNŞ ilə «Total» arasında «Abşeron» yatağı üzrə yekun sazişin imzalanma tarixi yanvarda müəyyənləşəcək
# 23 dekabr 2008 12:10 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) ilə Fransanın «Total» şirkəti arasında Xəzərin Azərbaycan sektorunda yerləşən «Abşeron» dəniz blokunun işlənməsi layihəsi üzrə sazişin imzalanmasının tarixi 2009-cu ilin yanvar ayında müəyyənləşəcək. «APA-Economics»in məlumatına görə, bunu ARDNŞ-in İnvestisiyaların idarə edilməsi Departamentinin müdiri Vaqif Əliyev bildirib.
V.Əliyevin sözlərinə görə, hazırda tərəflər arasında aparılan müzakirələr başa çatmaq üzrədir: «Artıq gələn ilin yanvar ayında sazişin nə vaxt və harada imzalanması müəyyənləşəcək».
Xatırladaq ki, bu ilin iyun ayının əvvəlində ARDNŞ ilə «Total E&P Activities Petrolieres» şirkəti arasında «Xəzər dənizinin Azərbaycan sektorunda «Abşeron» dəniz blokunun kəşfiyyatı, işlənməsi və hasilatın Pay Bölgüsü haqqında Sazişin əsas kommersiya prinsipləri və müddəaları haqqında Saziş» imzalanıb. Tərəflər 2007-ci ilin fevralında imzalanmış memoranduma əsasən, bu perspektiv strukturda aparılan birgə işlərin ilk mərhələsinin uğurla başa çatdığını bəyan edib və yeni mərhələdə daha səmərəli fəaliyyət göstərmək əzmində olduqlarını bildirib. Sənədə əsasən, ilkin pay bölgüsündə «Total»in 60%, ARDNŞ-in 40% paya malik olması nəzərdə tutulur.
Qeyd edək ki, «Abşeron» dəniz blokunun işlənilməsi layihəsi vaxtı ilə xitam verilmiş layihələrdəndir. Belə ki, 1997-ci ilin avqust ayında ABŞ-ın «Chevron», Fransanın «Total» şirkətləri və ARDNŞ arasında bu layihə üzrə Hasilatın Pay Bölgüsü Sazişi imzalanıb. Saziş həmin ilin dekabr ayında qüvvəyə minib. Layihədə «Chevron»un iştirak payı 30%, «Total»in - 20%, ARDNŞ payı isə 50% olub. Layihə çərçivəsində ilk quyu qazıldıqdan sonra xarici şirkətlər blokun kommersiya cəhətdən sərfəli olmadığını bildirərək, ikinci quyunu qazmaqdan imtina edib və Azərbaycan tərəfinə kompensasiya ödəyib. Bununla da 2005-ci ildə bu qaz kontraktına xitam verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR