Bank Of Baku

Azərbaycan və Qazaxıstan Transxəzər layihəsinin icrası üçün birgə müəssisə yaradacaq

Azərbaycan və Qazaxıstan Transxəzər layihəsinin icrası üçün birgə müəssisə yaradacaq
# 03 iyul 2009 09:32 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Transxəzər neft boru kəmərinin inşası layihəsinin icrası ilə bağlı Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) və Qazaxıstanın «KazMunayQaz» Milli Neft-Qaz Şirkəti birgə müəssisə yaradacaq. «APA-Economics»in məlumatına görə, bunu ARDNŞ prezidenti Rövnəq Abdullayev bildirib.

R.Abdullayevin sözlərinə görə, artıq birgə müəssisənin yaradılması ilə bağlı qərar qəbul olunub: «Birgə müəssisə çərçivəsində investisiya yatırımı məsələlərinə, texniki iqtisadi əsaslandırma layihəsinin hazırlığına başlayacağıq».

Qeyd edək ki, «KazMunayQaz» Milli Şirkəti» ASC-nin prezidenti Kayırgəldi Kabıldin bir müddət əvvəl APA-ya açıqlamasında Transxəzər layihəsinin texniki iqtisadi əsaslandırmasının (TİƏ) hazırlanmasının 2009-cu ilin ikinci yarısına planlaşdırıldığını bildirib.

Xatırladaq ki, ARDNŞ ilə «KazMunayQaz» arasında Transxəzər layihəsinin reallaşdırılmasının əsas prinsipləri haqqında saziş 2008-ci il noyabrın 14-də Bakıda imzalanıb. Layihənin ümumi dəyəri 3 mlrd. ABŞ dolları məbləğində qiymətləndirilir ki, Azərbaycan və Qazaxıstan bu vəsaiti kredit şəklində cəlb edəcək.

İmzalanmış sənəd Transxəzər layihəsinin birgə reallaşdırılmasının əsas şərt və prinsiplərini, «Kazmunayqaz» və ARDNŞ tərəfindən layihə üzrə birgə şirkətinin yaradılmasını, yaradılan güclərin maliyyələşdirilməsini, tariflərin təyin edilməsini, istifadə şərtlərini və Transxəzər sisteminin mərhələli inkişafını müəyyən edir.

Transxəzər sisteminin ilkin mərhələdə sutkada 500 min barel (ildə 23 mln. ton), daha sonra isə gücləri artıraraq sutkada 0,75-1,2 mln. barel (ildə 35-56 mln. ton) həcmində neft nəqlini təmin edəcəyi planlaşdırılır. Hazırda Bakı-Tiflis-Ceyhan boru kəmərinin illik nəqletmə gücü 50 mln. ton təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR