Bank Of Baku

Azərbaycan Türkiyəyə təbii qazı Avropa bazarındakı qiymətlərlə satmaq niyyətindədir

Azərbaycan Türkiyəyə təbii qazı Avropa bazarındakı qiymətlərlə satmaq niyyətindədir
# 03 iyul 2009 10:11 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Türkiyəyə satılan qazın qiymətinin həmin ölkənin daxili bazarındakı qiymətlərə uyğunlaşdırmaq niyyətindədir. «APA-Economics»in məlumatına görə, bunu ARDNŞ-in sərmayələr idarəsinin müdiri Vaqif Əliyev bildirib.

«Türkiyə bazarındakı mövcud qiymətlər Avropa bazarına uyğundur və biz də çalışırıq alqı-satqı qiyməti həmin səviyyədə olsun. Müəyyən faktorlar nəzərə alınmaqla qiymətlər yuxarı və ya aşağı ola bilər», - deyə V.Əliyev vurğulayıb.

Türkiyə Azərbaycandan təbii qazın 1000 kubmetrini 120 ABŞ dollarına alıb. Aprel ayından etibarən təbii qazın yeni alqı-satqı qiymətinin müəyyənləşdirilməsi, eləcə də «Şahdəniz» layihəsinin ikinci fazası çərçivəsində Türkiyəyə nəql olunacaq qazın həcmi ilə bağlı danışıqlar başlanıb.

ARDNŞ rəsmisinin sözlərinə görə, Rusiyanın «Qazprom» şirkəti ilə qaz anlaşması biznes müqaviləsidir və bu, Azərbaycanın üçüncü tərəflə apardığı müzakirələrə təzyiq vasitəsi kimi qiymətləndirilə bilməz.

V.Əliyev Azərbaycanın Rusiyaya satacağı qazın həcminin və qiymətinin rəsmi Bakını qane edən formula əsasında müəyyənləşdirildiyini bildirib. Bazarda qiymət dəyişilərsə, formula uyğun olaraq qiymət dəyişdirilə bilər.

Qeyd edək ki, iyunun 29-da imzalanmış müqaviləyə əsasən, ARDNŞ Rusiyanın «Qazprom» şirkətinə hər il minimum 500 mln. kubmetr qaz satacaq. Gələn ilin yanvarın 1-dən qüvvəyə minən müqavilənin müddəti 5 ildir. Rusiya mətbuatı ARDNŞ və «Qazprom» arasında qazın 1000 kubmetrini 350 ABŞ dollarına satışına dair razılaşma əldə olunduğunu yazıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR