Bank Of Baku

Azərbaycan son bir ildə sənaye istehsalını 7,4% artırıb

Azərbaycan son bir ildə sənaye istehsalını 7,4% artırıb
# 18 noyabr 2009 14:14 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-oktyabr ayları ərzində Azərbaycanın sənaye sahəsində təsərrüfat subyektləri tərəfindən 17,7 mlrd. manatlıq və ya ötən ilin eyni dövrü ilə müqayisədə 7,4% çox sənaye məhsulu istehsal edilib və xidmətlər göstərilib.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, əsas sənaye məhsullarından xam neftin hasilatı 12,1% artaraq 42,3 mln. ton, əmtəəlik təbii qaz hasilatı isə 2,8% artaraq 13,5 mlrd. kubmetr olub.

Sənaye məhsulunun 4/5 hissəsi özəl bölmənin payına düşüb, ümumi istehsalın 92,7%-i sənaye mallarının (əmtəələrin), 7,3%-i isə sənaye xarakterli xidmətlərin istehsalı hesabına yaranıb. Sənaye fəaliyyətinin 75%-i mədənçıxarma, 19,7%-i emal, 5,3%-i isə elektrik enerjisi, qaz və suyun istehsalı və bölüşdürülməsi bölməsində həyata keçirilib.

Hesabat dövründə sənayedə fəaliyyət göstərən səhmdar cəmiyyətlərinin məhsul istehsalı 671,7 mln. manat olaraq, ümumi buraxılışın 3,8%-ni təşkil edib. İstehsal edilmiş sənaye məhsulunun böyük əksəriyyəti istehlakçılara göndərilib.

Bununla yanaşı, noyabrın 1-nə sənaye müəssisələrinin anbarlarında 235,2 mln. manatlıq və ya əvvəlki ayla müqayisədə 7 mln. manat çox hazır məhsul ehtiyatı olub. Ehtiyatların daha çox hissəsi ölkənin iri şəhərlərinin – 64,2%-i Bakı, 10,5%-i Sumqayıt, 1,5%-i Gəncə, 1,1%-i Şirvan və 0,9%-i Mingəçevir şəhərlərinin, qalan hissəsi isə digər rayonların sənaye müəssisələrinin anbarlarında qalıb. Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınmış və satış üçün nəzərdə tutulmuş 34,6 mln. manat məbləğində digər mallar da olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR