Bank Of Baku

Azərbaycanda gəmiqayırma zavodunun inşası və istismarı üzrə Anlaşma Memorandumu imzalanıb

Azərbaycanda gəmiqayırma zavodunun inşası və istismarı üzrə Anlaşma Memorandumu imzalanıb
# 20 noyabr 2009 16:19 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Bu gün İqtisadi İnkişaf Nazirliyində Azərbaycanda gəmiqayırma zavodunun inşası və istismarı üzrə Anlaşma Memorandumu imzalanıb.

«APA-Economics»in xəbərinə görə, tədbirdə çıxış edən iqtisadi inkişaf naziri Şahin Mustafayev açaraq Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunun şimal-şərqində gəmiqayırma zavodunun inşasını nəzərdə tutduğunu bildirib. Zavodun tikintisi üçün Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) və Azərbaycan İnvestisiya Şirkətinin (AİŞ) birgə yaradacağı müştərək müəssisə həm sifarişçi, həm də zavodun mülkiyyətçisi qismində çıxış edəcək. Layihədə ARDNŞ 70%, AİŞ isə 30%-lik paya malik olacaq. İmzalanmış sənədə əsasən, Sinqapurun “Keppel Offshore & Marine” şirkəti 10%-lik iştirak payı əldə edə bilər. Bu halda iştirak payı ARDNŞ - 65%, AİŞ - 25% nisbətində dəyişə bilər.

İlkin hesablamalara görə, layihənin dəyəri təxminən 300-350 milyon ABŞ dolları təşkil edəcək. Zavodun tikintisinin 2,5-3 ilə başa çatdırılması nəzərdə tutulur. Xəzərdə ilk belə müasir zavodun tikintisi Azərbaycanın dəniz donanması üçün yeni gəmilərin tikintisində və mövcud gəmilərin təmirində (tankerlər, hərbi gəmilər, sahil təhlükəsizlik gəmiləri, bərələr və yaxtalar) xüsusi əhəmiyyətə malik olacaq. Zavod həmçinin xarici sifarişlər də qəbul edəcək. Zavodun tikintisinin ilkin mərhələsində 1000, sonrakı mərhələlərdə isə 1700 yeni iş yerinin açılması nəzərdə tutulur.

ARDNŞ prezidenti Rövnəq Abdullayev zavodun inşasının Azərbaycan iqtisadiyyatı üçün əhəmiyyətindən danışıb. R.Abdullayev bildirib ki, ARDNŞ dünyada ən böyük neft donanmasına malikdir: “Hazırda ARDNŞ-nin donanmasına 250 gəmi daxildir. Yaxın 20 ildə isə Dövlət Neft Şirkətində 110 gəmiyə ehtiyac duyulacaq”.

ARDNŞ prezidenti bundan əvvəl gəmiqayırma zavodunun inşası layihəsinə cəlb olunmuş Koreyanın STX şirkəti ilə imzalanmış memorandumun ləğvinə də aydınlıq gətirib. Şirkət prezidenti bildirib ki, bu, böhranla əlaqədar Koreya şirkətinin təkliflərində dəyişikliklər etməsi və Azərbaycan tərəfinin buna qane olmaması ilə bağlıdır.

Sonra Azərbaycanda gəmiqayırma zavodunun inşası və istismarı üzrə Anlaşma Memorandumu imzalanıb. Sənədi ARDNŞ prezidenti Rövnəq Abdullayev, AİŞ-in icraçı direktoru Əfqan İsayev və Sinqapurun “Keppel Offshore & Marine” şirkətinin icraçı direktoru Toinq Çoinq Honq imzalayıb.

Qeyd edək ki, layihənin tikinti və istismarı zamanı operator təyin olunacaq “Keppel Offshore & Marine” şirkəti gəmiçilik və qazma qurğuları sahəsində dünyanın aparıcı şirkətlərindəndir. Şirkət Uzaq və Orta Şərqdə, Meksika, Braziliya və Şimal dənizində 20 tərsanə vasitəsilə gəmiçilik xidmətləri göstərir. “Keppel Offshore & Marine” şirkətinin Azərbaycanda da iş təcrübəsi var. Belə ki, “Keppel Offshore & Marine” şirkəti 1997-ci ildən ARDNŞ ilə birlikdə “Caspiyan Şipyard Kompani” müştərək müəssisəsini təsis edib. Son 12 il ərzində bir çox layihələri (Qurtuluş və Heydər Əliyev qazma qurğularının tikintisi və s.) icra edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR