Bank Of Baku

ARDNŞ-in «Azneft» İstehsalat Birliyində uzunmüddətli strateji inkişafa dair kompleks plan hazırlanıb

ARDNŞ-in «Azneft» İstehsalat Birliyində uzunmüddətli strateji inkişafa dair kompleks plan hazırlanıb
# 10 fevral 2012 08:15 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) «Azneft» İstehsalat Birliyində (İB) gələcək perspektiv üçün 2025-ci ilədək strateji inkişafa dair kompleks plan hazırlanıb. «APA-Economics»ə verilən məlumata görə, bu barədə «Azneft» İstehsalat Birliyinin baş direktoru Daşqın İskəndərov bildirib.

Onun sözlərinə görə, 2011-ci ildə «Azneft» İB üzrə 7 146 484 ton neft hasil edilib ki, onun da 7 093 624 tonu təhvil verilib. Ümumiyyətlə, 2011-ci ildə nəzərdə tutulduğundan 5 844 ton çox neft hasil edilib.

Qaz hasilatına gəldikdə isə D.İskəndərov qeyd edib ki, 2011-ci ildə «Azneft» İB üzrə 6 797,324 mln. kubmetr qaz hasil edilib: «Hazırda «Azhneft» İB tərəfindən dəniz sektorunda 14 neft və qaz-kondensat, quruda isə 17 neft və qaz yatağı istismar olunur».

«Qazmadan 76 quyu istismara daxil edilib və onlardan 213 157 ton neft çıxarılıb. Bundan başqa, ötən il 117 əvəzinə 202 quyu təmir edilərək istismara verilib ki, bunun da hesabına nəzərdə tutulmuş 31,4 min ton əvəzinə 59 178 ton əlavə neft hasil edilib.

Hesabat ilində 4 115 quyuda texniki tədbir həyata keçirilib və onlardan 74 950,9 ton neft çıxarılıb. Nəzərdə tutulduğundan 810-dan çox tədbirin həyata keçirilməsi əlavə 13 309 ton neft hasilatına imkan yaradıb. İl ərzində həmçinin 937 geoloji tədbir reallaşdırılıb, 394 667 ton əlavə neft hasil edilib. Bu da plandan 170 tədbir artıq və 72 867 ton çox neft deməkdir», - deyə D.İskəndərov bildirib.

D.İskəndərovun sözlərinə görə, «Azneft» İB-də gələcək perspektiv üçün 2025-ci ilədək strateji inkişafa dair kompleks plan, o cümlədən «28 May», «Neft Daşları», N.Nərimanov adına və «Abşeronneft» neft və qazçıxarma idarələri üzrə 2011-2025-ci illər üçün neft və qaz hasilatının sabit saxlanılması ilə bağlı tədbirlər proqramları hazırlanıb: «Artıq həmin proqramların icrası istiqamətində konkret işlər həyata keçirilir. Tədbirlər proqramı çərçivəsində yeni neft quyularının qazılması üçün ehtiyat baxımından perspektivli sahələrin müəyyənləşdirilməsi, əlavə özüllərin tikintisi və mövcud özüllərdə qazma nöqtələrinin artırılması planlaşdırılır. Bu məqsədlə «Günəşli» yatağında qalıq neft və qaz ehtiyatlarının çıxarılması üçün yeni tikiləcək 12 quyuluq 7 saylı özülün və «Çilov» yatağında 10 istismar quyusunun qazılması üçün 112 saylı stasionar dəniz özülünün inşası nəzərdə tutulur. Bundan əlavə, «Neft Daşları» yatağında 98 ədəd istismar quyusunun qazıntısına imkan yaradan 10 ədəd stasionar özülün tikintisi, eləcə də «Palçıq Pilpiləsi» yatağında 19 istismar quyusu üçün nəzərdə tutulan 5 ədəd bu tip özülün inşası da yaxın illər üçün planlaşdırılan işlərdəndir. Eyni zamanda, «Pirallahı», «Darvin Bankəsi» və «Qərbi Abşeron» dəniz yataqları üzrə perspektivli sahələr araşdırılıb və qalıq neft ehtiyatlarının çıxarılması üçün təkliflər paketi hazırlanıb».

«Azneft»in rəsmisi həmçinin qeyd edib ki, yaxın vaxtlarda «Günəşli» yatağında quyuların qazlift üsulu ilə istismarı üçün gündəlik məhsuldarlığı 3 mln. kubmetr olan qazlift kompressor stansiyasının «Neft Daşlarında» 2 saylı kompressor stansiyasında gündəlik məhsuldarlığı 7,2 mln. kubmetr olan yeni kompressor stansiyasının tikintisi nəzərdə tutulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR