Bank Of Baku

Yaxın 5 il ərzində Azərbaycanda səmt qazının yandırılması bir qədər də azaldılacaq

Yaxın 5 il ərzində Azərbaycanda səmt qazının yandırılması bir qədər də azaldılacaq
# 14 fevral 2012 14:14 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bu gün Bakıda Dünya Bankının (DB) Azərbaycandakı nümayəndəliyinin təşkilatçılığı ilə Azərbaycanda səmt qazının yandırılmasının azaldılması istiqamətində görülən işlərə dair müzakirələr aparılıb.

«APA-Economics»in məlumatına görə, Azərbaycan Nazirlər Kabineti, Dövlət Neft Şirkəti (ARDNŞ) və «BP-Azerbaijan» şirkətinin nümayəndələrinin iştirak etdiyi tədbir çərçivəsində səmt qazının yandırılmasının azaldılması sahəsində görülmüş işi təqdim etmək məqsədilə kiçik sənədli film təqdim olunub. Sənədli filmdə Azərbaycanda səmt qazının yandırılmasının azaldılması ilə bağlı əsas nailiyyətlərdən bəhs edilib və Səmt Qazın Yandırılmasının Azaldılması üzrə Qlobal Tərəfdaşlıq (GGFR), Dünya Bankı, ARDNŞ və «BP-Azerbaijan»ın nümayəndələri ilə müsahibələr təqdim olunub.

Tədbirdə çıxış edən DB-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Cozef Ouen qeyd edib ki, Dünya Bankı, Azərbaycan hökuməti və ARDNŞ 2008-ci ildən etibarən Azərbaycanda səmt qazının yandırılmasının azaldılması sahəsində əməkdaşlıq edir: «Bu əməkdaşlıq GGFR çərçivəsində həyata keçirilir».

C.Ouen qeyd edib ki, hər il neftlə birlikdə çıxan təqribən 140 mlrd. kubmetr təbii qaz israf olunur. Bu da Avropa Birliyinin qaz istehlakının təxminən 1/3 hissəsinə bərabərdir: «Bu həcmdə səmt qazının yandırılması nəticəsində 70 mln. avtomobilin havaya buraxdığı qədər karbon qazı havaya buraxılır».

C.Ouen həmçinin bildirib ki, GGFR-ın məqsədi səmt qazından istifadənin qarşısında duran maneələrin dəf olunması üçün birgə yolların müəyyənləşdirilməsindən ibarətdir.

Tədbirdə çıxış edən ARDNŞ-ın ekologiya məsələləri üzrə vitse-prezidenti Rəfiqə Hüseynzadə qeyd edib ki, ARDNŞ 2008-ci ildən etibarən GGFR-a qoşulub. GGFR-la əməkdaşlıq çərçivəsində şirkət havaya buraxılan və ya yandırılan səmt qazının həcminin daha yaxşı müəyyənləşdirilməsi üçün avadanlıqla təchiz olunub, mədənlərdə ölçmələr aparılıb və səmt qazının istifadəsi üzrə plan hazırlanıb: «Bu planda havaya buraxılan və ya yandırılan səmt qazının mənbələri, həcmləri, onların istifadəsi üçün tətbiq oluna biləcək texniki üsullar, investisiyaların məbləği və müddətlər müəyyənləşdirilib».

Tədbirdə çıxış edən «BP-Azerbaijan» şirkətinin nümayəndəsi Mark Tomas qeyd edib ki, ARDNŞ-la «BP-Azerbaijan» şirkətinin birgə təşəbbüsü nəticəsində son 3 ildə «BP-Azerbaijan»ın operator olduğu yataqlarda səmt qazının yandırılması 45% azaldılıb.

Tədbirdə həmçinin bildirilib ki, Azərbaycanda yaxın 5 il ərzində səmt qazının yandırılmasının həcmi 1,6 mlrd. kubmetr azaldılacaq.

Qeyd edək ki, GGFR və ARDNŞ arasında əməkdaşlığı çərçivəsində səmt qazının ölçülməsinin və onun istifadə planının daha da təkmilləşdirilməsi və bu planın praktiki tətbiqi üzrə tədbirlər həyata keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR