Bank Of Baku

Azad edilmiş ərazilərdə 2 500-dən çox evdə günəş panelləri quraşdırılıb

Azad edilmiş ərazilərdə 2 500-dən çox evdə günəş panelləri quraşdırılıb
# 29 iyul 2026 09:58 (UTC +04:00)

Energetika Nazirliyində işğaldan azad olunmuş ərazilərdə yaşıl texnologiyaların və enerji səmərəliliyinin tətbiqi ilə bağlı əlaqələndirmə və monitorinq üzrə İşçi Qrupunun 13-cü iclası keçirilib.

Bu barədə "APA-Economics"ə Energetika Nazirliyindən məlumat verilib.

Energetika naziri Pərviz Şahbazov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə “Yaşıl Enerji Zonası” elan edilmiş azad olunmuş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işlərindən danışıb. Nazir vurğulayıb ki, Qarabağ və Şərqi Zəngəzurun yaşıl texnologiyalar və enerji səmərəliliyi prinsipləri əsasında inkişafı artıq nümunəvi modelə çevrilib və keçirilən monitorinqlərin müsbət dinamikası da bunu bir daha sübut edir.

Ötən iclasdan bəri dövlət başçısının Cəbrayıl, Zəngilan, Xocalı, Füzuli, Xankəndi, Şuşa və Ağdam şəhərlərinə, Xocavənd və Laçın rayonlarına səfərləri zamanı təməli qoyulan və istifadəyə verilən yaşayış məntəqələri və sosial-infrastruktur, o cümlədən enerji obyektləri barədə məlumat verilib. Bu çərçivədə Şükürbəyli kəndinin, Soltanlı kəndində “Azərenerji” ASC-nin 330 kV-luq “Şəfəq” yarımstansiyasının və Laçında su elektrik stansiyalarının açılışının həyata keçirildiyi qeyd olunub.

Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin (BOEMDA) direktoru Cavid Abdullayev yaşıl enerji texnologiyalarının tətbiqi çərçivəsində Cəbrayılda günəş elektrik stansiyalarının tikintisi, Kəlbəcər və Laçın rayonlarında özəl sektor hesabına 4 KSES-in inşasının, həmçinin Kəlbəcərdə külək elektrik stansiyasının tikintisinə hazırlıq məqsədi ilə ölçmə-müşahidə işləri üzrə irəliləyişləri diqqətə çatdırıb. Bildirilib ki, azad edilmiş ərazilərdə elektrik enerjisinə olan tələbat nəinki tamamilə yaşıl enerji hesabına ödənilir, hətta yaranan əlavə güclər ölkənin ümumi enerji şəbəkəsinə də ötürülür.

Sonra Ağdam şəhərində, Xocavənd rayonunun bir sıra kəndlərində, habelə Qırmızı Bazar və Hadrut qəsəbələrində yaşıl texnologiyaların və enerji səmərəliliyinin tətbiqi üzrə monitorinqlərin nəticələrinə və Cəbrayıl rayonunun Horovlu, Ağdam rayonunun Xıdırlı və Kəngərli kəndlərində vətəndaşların aktiv istehlakçı kimi qeydiyyatının cari vəziyyətinə dair hesabatlar dinlənilib.

Bildirilib ki, ümumilikdə azad edilmiş ərazilərdə indiyədək 2500-dən çox fərdi yaşayış evində, ictimai və sosial binalarda ümumi gücü 8000 kVt-dan çox olan günəş panelləri və 8000-dən artıq LED əsaslı işıqlandırma qurğusu quraşdırılıb. İşıqlandırma qurğularının 43 faizi, yəni təqribən 3500 ədədi günəş enerjisi ilə işləyən hibrid sistemlərdir. Həmçinin elektrik doldurma qurğuları, evlərin və binaların izolyasiyası ilə bağlı məlumatlar diqqətə çatdırılıb.

İclasda yaşayış komplekslərində istilik təminatı ilə bağlı məsələlər də nəzərdən keçirilib. Müzakirələrin yekununda irəli sürülən təkliflərin həyata keçirilməsi məqsədilə müvafiq tədbirlərin görülməsi barədə razılıq əldə olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR