Asbest və tərkibində asbest olan materialların dövriyyəsi qadağan ediləcək.
APA-nın xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Qanun qəbul ediləcəyi halda 1 iyul 2027-ci ildən qüvvəyə minəcək.
Layihə səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.
Qeyd edək ki, Avropa İttifaqının müvafiq normalarında bu növ tikinti materialları qadağan edilib. Asbestlə bağlı sağlamlıq risklərinin qarşısını almaq üçün Avropa İttifaqı tərəfindən asbest ve asbest məhsullarının istifadəsinin qadağan olunması ilə bağlı 1999-cu və 2009-cu illərdə müvafiq direktivlər qəbul edilib. 1999/77/EC nömrəli Direktivlə 1 yanvar 2005-ci il tarixindən etibarən Avropa İttifaqında asbest liflərinin istifadəsi və xrizotil asbestin yeni sahələrdə tətbiqi qadağan olunub.
BMT-nin "Təhlükəli tullantıların sərhədlərarası daşınmasına və kənarlaşdırılmasına nəzarət haqqında" Bazel Konvensiyası ilə asbest təhlükəli maddə kimi təsnifatlandırılıb.
"Beynəlxalq ticarətdə müəyyən təhlükəli kimyəvi maddələr və pestisidlər üçün əvvəlcədən məlumatlandırılmış razılıq proseduru haqqında Rotterdam Konvensiyası"nda (ölkəmiz bu konvensiyaya 30 sentyabr 2025-ci il tarixli qanunla qoşulmuşdur) asbest məhsulu təhlükəli kimyəvi maddə kimi təsnif edilib və onun beynəlxalq ticarəti müəyyən məhdudiyyətlərə tabedir. Sənədə əsasən məhsul insan sağlamlığı üçün ciddi təhlükə yaradır, ticarəti müəyyən prosedurlarla tənzimlənir.