Bu ilin birinci yarısında “Şahdəniz Kompressiya” (ŞDK) layihəsi üzrə işlər təhlükəsiz şəkildə və qrafiki qabaqlayaraq irəliləyib.
Bu barədə “APA-Economics” BP-nin Azərbaycanda fəaliyyəti üzrə 2026-cı ilin birinci yarısının nəticələrinə həsr olunmuş hesabatına istinadən xəbər verir.
Hesabata əsasən, ŞDK platformasının üst modullarının və dayaq blokunun tikintisi işləri müvafiq olaraq Bayıl istehsalat-quraşdırma sahəsində və Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunda plana uyğun davam edib.
“İlkin polad və struktur komponentləri, o cümlədən dayaq blokunun elementləri və sualtı konstruksiyaların tikintisi üzrə əhəmiyyətli irəliləyiş əldə olunub.
Dəniz və sualtı mühəndislik fəaliyyətləri də qrafikə uyğun davam etmiş, bu işlər çərçivəsində müfəssəl dizayn işləri plan üzrə irəliləmiş, əsas texniki baxışlar isə tamamlanıb. Yüksək gərginlikli sualtı interkonnektor enerji və fiber-optik kabelin, eləcə də sualtı boru hissələrinin istehsalı başa çatıb.
Bir sıra mühüm avadanlıq dəstinin təchizat prosesi tikinti və quraşdırma cədvəllərinə uyğun davam edib”, - hesabatda bildirilir.
2,9 milyard ABŞ dolları dəyərində olan ŞDK layihəsində məqsəd yataqdakı aşağı təzyiqli qaz ehtiyatlarını əlçatan etməklə onların hasilatını təmin etmək və beləliklə yataqdan maksimum qazvermə əmsalına nail olmaqdır. Layihənin yataqdan təxminən 50 milyard kubmetr əlavə qaz və 25 milyon barelə yaxın əlavə kondensat hasilatına və ixracına imkan yaradacağı gözlənilir.
Layihə çərçivəsində yeni bir kompressiya obyektinin – elektriklə işləyən, heyətsiz kompressiya platformasının (və ya Əsasən Heyətsiz Qurğu (eNUI)) inşası nəzərdə tutulur. Layihə həmçinin Şahdəniz müqavilə sahəsində quraşdırılacaq bir sıra əlaqədar obyektləri, eləcə də “Şahdəniz Alfa” (ŞDA) və “Şahdəniz Bravo” (ŞDB) platformalarında və Səngəçal terminalında mövcud infrastruktur üzərində aparılacaq bir sıra işləri də əhatə edir.
Tikintinin 2029-cu ildə başa çatması ilə ŞDK platformasının həmin ildə ŞDA-dan, 2030-cu ildə isə ŞDB platformasından hasil edilən qaz həcmlərini kompressiya etmək üçün qəbul etməyə hazır olacağı planlaşdırılır.
Bundan əlavə hesabatda qeyd olunur ki, 2026-cı ilin birinci yarısında “Şahdəniz Alfa” platformasında SDA09, SDA07 və SDA04 quyularında əlavə perforasiya işləri tamamlanıb və SDA12 quyusunun qazma işləri başlanıb.
İstiqlal və Heydər Əliyev qazma qurğuları Şahdəniz 2 layihəsi çərçivəsində quyular üzrə işləri davam etdirib. İlk altı ay ərzində İstiqlal qazma qurğusu qərb cinahında SDD05 quyusunda tamamlama işlərini başa çatdırıb, qərb-cənub cinahında SDF02 quyusunda müdaxilə işlərini yerinə yetirib və hazırda şərq-şimal cinahında SDH04 quyusunda tamamlama işlərini həyata keçirir. Heydər Əliyev qazma qurğusu isə şərq-şimal cinahında SDH05 quyusunun qazma işlərini başa çatdırıb və qərb cinahında SDD06 quyusunun qazılmasına hazırlıq olaraq qurğuda profilaktik işlərə başlayıb.
Ümumilikdə “Şahdəniz 2” layihəsi çərçivəsində 24 quyu qazılıb. Bunlara yatağın şimal cinahında beş quyu, qərb cinahında beş quyu, şərq-cənub cinahında dörd quyu, qərb-cənub cinahında beş quyu və şərq-şimal cinahında beş quyu daxildir.