2026-cı ilin birinci yarısında “Şahdəniz” qaz-kondensat yatağı üzrə üzrə fəaliyyətlərə təxminən 2 106 mln. ABŞ dolları xərclənilib.
Bu barədə “APA-Economics” BP-nin Azərbaycanda fəaliyyəti üzrə 2026-cı ilin birinci yarısının nəticələrinə həsr olunmuş hesabatına istinadən xəbər verir.
Hesabata əsasən, qeyd olunan məbləğın təxminən 1 394 mln. dolları əməliyyat xərcləri və təxminən 712 mln. dolları isə əsaslı xərcləri təşkil edib.
“Birinci yarımildə “Şahdəniz” yatağından Azərbaycan (SOCAR-a), Gürcüstan (GOGC şirkətinə), Türkiyə (BOTAŞ şirkətinə) bazarlarına, çoxsaylı obyektlər üçün BTC-yə və Avropadakı alıcılara qaz çatdırılması davam edib.
İlin ilk altı ayında yataqdan ümumilikdə - Şahdəniz Alfa və Şahdəniz Bravo platformalarından birlikdə təqribən 14 milyard standart kubmetr qaz və təxminən 2 milyon ton (təqribən 15 milyon barel) kondensat hasil edilib.
Mövcud Şahdəniz qurğularının hasilat gücü hazırda gündə təxminən 76,8 milyon (ildə təqribən 28 milyard) standart kubmetrdir”, - hesabatda bildirilir.
Qeyd olunur ki, 2026-cı ilin birinci yarısında “Şahdəniz 2” layihəsi çərçivəsində qərb cinah quyularında sualtı işlər üzrə fəaliyyətlər davam etmişdir və aprel ayında bu cinahda beşinci quyu işə salınıb.
“Şahdəniz 2” layihəsi çərçivəsində görülən işlər Xankəndi gəmisinin əsas iş həcmi olmaqda davam etsə də, ilin birinci yarısında gəmi həmçinin AÇG yatağının “Dərinsulu Günəşli” ərazisində bir çox quyularda yataqda təzyiqin idarə olunması və hasilat səviyyəsinin gücləndirilməsi imkanlarının erkən aşkarlanmasına kömək edəcək sualtı müdaxilə əməliyyatlarına cəlb olunub. Bu müddət ərzində “Tofiq İsmayılov” dalğıc gəmisi hazırda istismarda olan bütün “Şahdəniz 2” və AÇG sualtı hasilat obyektlərinə texniki xidmət, yoxlama və müdaxilə ilə bağlı ümumi işlərə dəstək verib.
“Bu, gəmidən və qazma qurğularından səmərəli istifadəni təmin etmək məqsədilə fəaliyyətlərin optimallaşdırılması və quyuların işə salınması müddətinin sürətləndirilməsi üçün inteqrasiya olunmuş qrafikin bir hissəsidir”, - hesabatda vurğulanır.